...

Jurnalistlər Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərdən yazacaqlar

Cəmiyyət Materials 16 Sentyabr 2014 18:58 (UTC +04:00)
Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Jurnalistlər Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərdən yazacaqlar

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Fonddan Trend-ə verilən məlumata görə, birgə təşkil edilən müsabiqənin məqsədi Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Müsabiqənin mövzusu "Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"dir.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

Qəzetdə dərc olunmuş yazıda "Səbail rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət etmək lazımdır. Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 18 iyul 2014-cü il tarixdə başlayır, 1 oktyabr 2014-cü il tarixdə başa çatır. Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:

I yer üçün - bir nəfər (1 000 AZN)
II yer üçün - bir nəfər (800 AZN)
III yer üçün - bir nəfər (600 AZN)

Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafatlar (200 AZN) veriləcək.

Qaliblər, həmçinin Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti