...

Azərbaycanda ünvanlı sosial yardımla bağlı dəyişiklik edilir

Cəmiyyət Materials 17 Sentyabr 2014 12:33 (UTC +04:00)
Ünvanlı sosial yardımın verilməsi müddətini bir ildən iki ilə qaldırmaq lazımdır. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycanda ünvanlı sosial yardımla bağlı dəyişiklik edilir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ünvanlı sosial yardımın verilməsi müddətini bir ildən iki ilə qaldırmaq lazımdır. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.

S.Müslümov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardımın təyin olunması və ödənilməsi ilə bağlı araşdırmalarını yekunlaşdırmaq üzrədir.

Nazirin fikrincə, Azərbaycanda ünvanlı sosial yardımın verilməsi müddətini 1 ildən 2 ilə qaldırmaq lazımdır: "Çünki təhlillər göstərir ki, hazırda bazadakı informasiyalara görə, ünvanlı sosial yardım alan ailələrin təqribən 90 faizini eyni ailələr təşkil edir. Onların hər il sənədləri yenidən yığıb gətirməsinə elə bir ehtiyac yoxdur. Bunu 2 il müddətinə qaldırmaq lazımdır. Biz artıq bununla bağlı təkliflərimizi vermişik. Yəqin ki, bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər olacaq".

S.Müslümov həmçinin bildirib ki, ünvanlı sosial yardımın təyin edilməsinin avtomatlaşdırılması istiqamətində də tədbirlər davam etdirilir: "Bununla bağlı nazirliyin böyük nümayəndə heyəti bu yaxınlarda Türkiyə Respublikasında səfərdə olaraq onların təcrübəsini öyrənəcək. Türkiyədə bu proseslər avtomatlaşdırılıb. Yəni ehtiyacı olan ailələrə ünvanlı sosial yardım yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edib elektron şəkildə ərizə ilə müraciət etməklə həyata keçirilir. Biz də bu istiqamətdə səylərimizi davam etdiririk. Eyni zamanda, müxtəlif ölkələrin təcrübəsini də öyrənirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti