...

Mübariz Qurbanlı: Azərbaycanda İslam dini və mədəniyyətinin düzgün təbliği prioritet məsələlərdəndir (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2014 15:49 (UTC +04:00)
Görüşdə çıxış edən din xadimləri son vaxtlarda Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini ifadə edib, xüsusən yas mərasimlərindəki israfçılığın aradan qaldırılması istiqamətindəki tövsiyələrə dəstək nümayiş etdiriblər.
Mübariz Qurbanlı: Azərbaycanda İslam dini və mədəniyyətinin düzgün təbliği prioritet məsələlərdəndir (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin düzgün təbliği prioritet məsələlərdəndir".

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün paytaxtın Yasamal rayonunda dini icmaların nümayəndələri ilə görüşündə deyib.

DQİDK sədri bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən artdığını bildirib.

M.Qurbanlı qeyd edib ki, Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları bu gün dini icmalarımızın əsas xətti olmalıdır.

Tədbirdə iştirak edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Dövlət Komitəsinin sədri M.Qurbanlının Yasamal rayonunun dini icmaları ilə görüşünün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir.

DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov isə bölgədəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib. O bildirib ki, müxtəlif dini konfessiyaların yaşadığı bölgədə icmalar arasında tolerant münasibətləri mövcuddur.

Görüşdə çıxış edən din xadimləri son vaxtlarda Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini ifadə edib, xüsusən yas mərasimlərindəki israfçılığın aradan qaldırılması istiqamətindəki tövsiyələrə dəstək nümayiş etdiriblər.

Sonda M.Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti