...

Azərbaycanda ilk dəfə olaraq 6 məktəbdə 15 "Sağlam təhsil sinfi" yaradılıb (FOTO)

Cəmiyyət Materials 18 Sentyabr 2014 12:20 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi “Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin 6 ümumtəhsil müəssisəsində 15 "Sağlam təhsil sinfi" yaradıb.
Azərbaycanda ilk dəfə olaraq 6 məktəbdə 15 "Sağlam təhsil sinfi" yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin 6 ümumtəhsil müəssisəsində 15 "Sağlam təhsil sinfi" yaradıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanova Bakının 214 nömrəli tam orta məktəbində görülən işlərlə tanış olan jurnalistlərə bildirib ki, bu dərs ilindən layihə Bakı şəhərinin 5, Sumqayıt şəhərinin 1 məktəbində tətbiq edilir. Layihənin məqsədi odur ki, şagirdlər təhsil aldıqları müddətdə fiziki, psixi sağlamlıqlarını itirməsinlər, təhsil almaqla yanaşı, mənəvi baxımdan yetkin, fiziki, psixi baxımdan sağlam vətəndaşlar kimi formalaşsınlar.

A.Süleymanova deyib ki, təhsil müddətində oturaq həyat şəraitinin olması şagirdlərin fiziki və psixi sağlamlıqlarına təsir edir. Ona görə də inkişaf etmiş ölkələrdə bu məsələ dövlət səviyyəsində narahatlıq doğurur. Layihəyə başlamazdan əvvəl uşaqların sağlamlığı baxımından respublikada mövcud vəziyyət öyrənilib. Hazırda respublikanın bir çox məktəblərində10 mindən çox şagird bu mövzuda keçirilən monitorinqlərə cəlb edilir. Ötən dərs ilində 2500 şagird monitorinqlərə cəlb olunmuşdu və məlum olub ki, uşaqların qamətində, görmə qabiliyyətində, ürək-damar sistemində artıq bir çox problemlər yaranıb. Məktəbi bitirərkən isə uşaqların 50 faizində görmə qabiliyyətinin zəifləməsi, 48 faizində isə qamətlə bağlı problem var. Bu problemlərin qarşısını almaq üçün həmin layihənin həyata keçirilməsinə başlanılıb.

Nazirlik rəsmisi bildirib ki, layihə həyata keçirilməmişdən əvvəl dünyanın qabaqcıl təhsil təcrübəsi araşdırılıb. ABŞ, Avropa İttifaqı, Yaponiya, Finlandiya, Rusiya və Ukraynada aparılan işlər təhlil edilib. Cari ilin sentyabrında Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə Bakının ümumtəhsil məktəblərinin direktorları, psixoloqları və tibbi heyət, "Sağlam təhsil sinfi" müəllimləri üçün seminarlar keçirilib.

"Sağlam təhsil sinfi"ndə tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır. Belə maililik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti