...

Mübariz Qurbanlı: "Dini tolerantlıq dedikdə, İslam dininin prinsiplərindən geri çəkilməyi nəzərdə tutmuruq" (MÜSAHİBƏ) (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2014 18:00 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlının Trend-ə müsahibəsi
Mübariz Qurbanlı: "Dini tolerantlıq dedikdə, İslam dininin prinsiplərindən geri çəkilməyi nəzərdə tutmuruq" (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlının Trend-ə müsahibəsi

Bəzi xırda "İslami" qruplar var ki, öz ideyalarını Azərbaycanda da yaymağa cəhd göstərirlər

- Hazırda Azərbaycanda mövcud dini sabitliyin səviyyəsini necə qiymətləndirirsiniz?

- Dini, ictimai-siyasi, eyni zamanda, maliyyə sabitliyi, psixoloji sabitlik özünü Azərbaycan cəmiyyətindəki ümumi sabitlikdə büruzə verir. Təbii ki, həyata keçirilən sosial-iqtisadi islahatlar, Prezidentin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar hər sahəyə olduğu kimi, ictimai-siyasi və sosial həyatla ciddi bağlı olan din sahəsinə də müsbət təsir edib. Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bu gün Azərbaycan vətəndaşı "Dini etiqad azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir, ölkədə konfessiyalar arasında hər hansı qarşıdurma müşahidə olunmur. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir. Bu yaxınlarda Avropa Şurasının nümayəndə heyətinin Qubaya səfəri zamanı onlar oradakı Qırmızı Qəsəbədə məscid və sinaqoqun yanaşı fəaliyyət göstərməsini, axundun ravvinlə bir yerdə çay içməsini, həm müsəlman, həm də yəhudi icmasının nümayəndələrinin bir yerdə olmasını görəndə çox təəccübləndilər. Onlar bildirdilər ki, belə halı dünyanın heç bir yerində müşahidə etməyiblər. Bu da Azərbaycanda tolerantlığın ən böyük nümunələrindən biridir.

Tolerantlıq deyəndə bəzən bunu yalnız dinə aid edirlər, əslində isə bütün sahələrə aid edilə bilər. Tolerantlıq gender, sosial təbəqələr arasında, bütövlükdə insanların bir-birinə münasibətində var. Tolerantlıq sözünün mənası dözümlülük, başqasının fikirlərinə hörmətlə yanaşmaq deməkdir. Dini tolerantlıq dedikdə, biz heç də İslam dininin prinsiplərindən, mövqeyindən hansısa formada geri çəkilməyi nəzərdə tutmuruq. Söhbət bütövlükdə İslam dəyərlərini, İslama mənsubiyyətimizi mühafizə etməklə qarşı tərəflərlə dialoq mühitində yaşamağımızdan gedir. Ona görə də Azərbaycanda dini baxımdan sabitlik var.

Eyni zamanda, Azərbaycanda əhalinin mütləq əksəriyyəti, təxminən 96 faizə qədəri İslam dininin daşıyıcılarıdır, İslam dinini qəbul ediblər. İslam dini daxilində də tarixən iki böyük məzhəb formalaşıb - şiəlik və sünnilik. Azərbayanda bu məzhəblər arasında heç bir problem yoxdur və tarixən də olmayıb. Lakin bu sabitlik içərisində bəzi elementlər var ki, onlar bizim ümumi inkişafımızla, həmçinin siyasi xəttimizlə uyuşmur, uzlaşmır. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizin sosial-iqtisadi çətinliklərindən, Ermənistanın təcavüzü nəticəsində yaranmış vəziyyətdən istifadə edən, İslam dininin özündə belə qəbul olunmayan, bir sıra hallarda İslam dini, İslam dünyası üçün heç də müsbət imic gətirməyən bəzi xırda "İslami" qruplar var ki, öz ideyalarını Azərbaycanda da yaymağa cəhd göstərirlər.

Biz imkan vermərik ki, Azərbaycana "İslam dövləti" kimi qruplaşmalar ayaq açsın

- Xırda "İslami" qruplar dedikdə, nəyi nəzərdə tutursunuz?

- Xırda "İslami" qruplar dedikdə, vəhabiləri, onların müxtəlif qollarını, "nurçular"ı, özlərini "sunqurlar" adlandıranları və s. nəzərdə tuturuq. İslam dünyasında zaman-zaman xırda qruplar meydana gəlib və bu cür qruplara qarşı İslamın klassik formada mövcud olduğu ölkələrdə həqiqi mənada ciddi mübarizə gedib. Xırda "İslami" qruplara qarşı Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələrdə həmişə mübarizə aparılıb. Çünki həmin "İslami" qruplar adı altında fəaliyyət göstərənlər son nəticədə "əl-Qaidə"nin, "Taliban"ın və bu kimi terrorçu qrupların yaranmasında ideoloji baza rolunu oynamağa çalışıblar. Eyni zamanda, bu "İslami" qruplar müxtəlif ölkələrdə ictimai-siyasi həyata müdaxilə etməyə çalışıblar. Bu qrupların törəmələrindən birini indi Yaxın Şərqdə hamı tərəfindən pislənən və özlərini "İslam dövləti" adlandıran qrupun timsalında görürük. Hesab edirəm ki, bu qrup İslam dünyasının içində qarşıdurma yaratmaqdadır. Bu qrupun nə istədiyi, hansı məqsədlə yaradıldığı, bütövlükdə fəaliyyətinin İslama nələri verəcəyini hesablasaq, proqnozlaşdırsaq, çox mənfi bir imic gətirdiyini görə bilərik.

Bu gün dünya əhalisinin sayı artıq 7 milyard nəfəri ötüb və onun 50 faizə qədəri səmavi və dünyəvi dinlərdə - İslam, xristianlıq, iudaizm və buddizmdə birləşib. Bunlardan ilk üçü səmavi, buddizm isə geniş coğrafiyada yayılmış qeyri-səmavi dinlərdən hesab olunur. Bu dinlərin hər biri Allahın vahidliyini, təkallahlığı qəbul edir və tolerantlığa, sülhə çağırır, israfçılığın əleyhinə çıxış edir. Səmavi dinlərin hər bir kitabına, Davudun "Zəbur"undan başlamış Musanın "Tövrat"ı, İsanın "İncil"i və Məhəmməd Peyğəmbər (s.ə.a.s) vasitəsilə Allah tərəfindən bizə nazil olunmuş "Qurani-Kərim"ə baxsaq, onlarda sülh, əmin-amanlıq, bərabərlik, qardaşlıq ideyalarını görə bilərik. Bu dini kitabların ən təkmili təbii ki, "Qurani-Kərim"dir.

"Qurani-Kərim"in özü həm insanlar arasında, həm də insan-hakimiyyət münasibətlərini çox ciddi şəkildə tənzimləyir. "Qurani-Kərim"də 124 min peyğəmbərdən 25-nin adı çəkilir və bütün dinlərə hörmət və ehtiram göstərilir. Yəni tolerantlıq "Qurani-Kərim"in özündə geniş yer tapıb və belə bir şəraitdə, belə bir dinin daşıyıcı olan toplumun içində hansısa qruplar meydana gələrək qeyri-islami və qeyri-ənənəvi metodlarla bu ülvi hissləri gözdən salmaq istəyir. Ona görə də biz buna qarşı çıxırıq. Biz imkan vermərik ki, Azərbaycana da bu cür, məsələn, İŞİD kimi qruplaşmalar ayaq açsın, öz fəaliyyətini genişləndirməyə çalışsın. Azərbaycan dövləti və ictimaiyyəti bunun qarşısını almağa qadirdir. Bizim sosial-iqtisadi inkişafımız indi elə səviyyədədir ki, kimlərsə burada vətəndaşları hansısa şirnikləndirici təkilflərlə öz ətrafına toplaya bilməz. İkincisi, Azərbaycanda hüquq-mühafizə sistemi bu cür hərəkətlərə yol verənlərin qarşısını qanunla ala bilir. Üçüncüsü, Azərbaycan toplumu kifayət qədər dünyəvi savad almış və prosesi dərindən bilən bir toplumdur. Bizim milli mədəniyyətimiz, dəyərlərimiz, tariximiz imkan verir ki, İslam dininə və Azərbaycana zərər verən hansısa cərəyanların yayılmasının qarşısı burada alınsın. Biz buna qarşıyıq və bunun üçün sizin, ümumilikdə medianın da gücündən istifadə etmək istəyirik.

Öz gəlirlərini Azərbaycanda İslami dəyərlərin əleyhinə təşviqat aparmağa sərf edənlərə qarşı iqtisadi xarakterli addımlar atılmalıdır

- Artıq dövlət tərəfindən belə halların qarşısının alınması, o cümlədən, qanunvericilik səviyyəsində qanunsuz silahlı birləşmələr yaradanlara, xarici ölkələrə muzdlu döyüşçülər göndərənlərə qarşı cəzaların sərtləşdirilməsi kimi tədbirlər görüldü və görülür. Sizcə bundan əlavə daha hansı tədbirlər görülməlidir? Ümumilikdə radikalizmə, eləcə də digər din və məzhəblərin inanclarına təhqiramiz və yaxud çox sərt şəkildə yanaşan qruplara qarşı daha hansı addımlar atılıa bilər?

- Çox maraqlı məsələyə toxundunuz. Milli Məclisdə bununla bağlı Azərbaycan qanunvericiliyinə kifayət qədər dəyişiklik edilib. Bu dəyişikliklərin məqsədi Azərbaycanda dindən siyasi məqsədlər üçün istifadə etmək istəyən qrupların qarşısını almağa yönəlib. Dindən siyasi məqsədlər üçün istifadə cəhdləri həmişə olub. Müasir dünyamızda da bununla bağlı kifayət qədər misallar göstərə bilərik. İstər xristian, istər İslam, istərsə də iudaizm dini pərdəsi altında ekstremist və radikal qruplar dindən vasitə kimi istifadə etməyə cəhd ediblər və bu cəhdlər bundan sonra da ola bilər. Bundan heç kim sığortalanmayıb. Lakin Azərbaycanda bu kimi cəhdlərin qarşısı alınmalıdır və alınacaq. Bunun üçün bizim kifayət qədər gücümüz də var.

Birincisi, qanunvericilikdə dəyişikliklər. "Dini etiqad azadlığı haqqında" qanuna 13-14 əlavə və dəyişiklik edilib. Bu dəyişikliklər insanların dini inanclarını, onların dini ayinlərinin icrasını, məscid, sinaqoq və kilsədə fəaliyyətini məhdudlaşdırmağa yönəlməyib. Onların ana xəttində məhz dindən radikal, dağıdıcı, ekstremist məqsədlər üçün istifadəni məhdudlaşdırmaq dayanır. Bəzi ölkələrdə öz dini, milli ənənələrini, xüsusilə, dindən gələn, hətta klassik dini qaydaları qorumaq üçün qanunlar qəbul edilib. Avropanın bəzi ölkələrində belə nümunələr var. Yəni ölkələr öz tarixi keçmişini, milli adət-ənənələrini nəzərə alaraq bu ənənələrdən kənara çıxan, hansısa xırda qrupların təşviqat və təbliğatını məhdudlaşdırıblar. Xüsusilə, belə təcrübə xristian ölkələrində daha çoxdur. Xristianlıqda iki böyük cərəyan - katolik və pravoslavlar, bundan əlavə, protestantlar, lüteranlar, babtistlər, adventistlər var. Buddizmin də içində çoxlu cərəyanlar var. İslam və xristianlıqdan fərqli olaraq, buddizm öz daxilində yaranan cərəyanlara qarşı dini mərkəzləşdirmək üçün mübarizə aparmır. Lakin İslam və xristianlıq dini öz içərisində parçalanmanın qarşısını almaq üçün özünüqoruma instinktinə uyğun fəaliyyət göstərir.

Təsəvvür edin ki, xristianlıqda Roma Papasının və ya pravoslav kilsəsinin rəhbərliyinin inkar etdiyi kiçik dini qruplar Azərbaycana gəlib istəyir ki, burada missionerlik etsinlər. Mən o adamlara üzümü tutub deyirəm ki, Azərbaycan dini missionerlik meydanı deyil. Çünki Azərbaycan klassik İslam ölkəsidir və burada İslam ənənələrinə söykənən və 7-ci əsrin ortalarından etibarən formalaşan bir toplum var. Bu toplumda missionerlik etmək çox əcaib bir şey olardı. Siz missionerliyi səmavi dinlərin fəaliyyət göstərmədiyi yerlərdə edə bilərsiniz. Dünyada 3,5 milyard nəfər səmavi dinlərə mənsubdur. Siz gedin, qalanlarının içində missonerlik edin.

Sualınızın daha nələr edilməli olan mərkəzi xəttinə qayıdıram. Bəli, qanunvericilikdə də bəzi addımlar atılmalıdır. Bundan əlavə, həm ölkəyə daxil olan və ölkədə nəşr olunan kitabların, həm də dini məmulatların satışı ilə bağlı lisenziyalaşdırma aparılmalıdır. Bu sahədə müəyyən lisenziyalaşdırma sistemi tətbiq olunmalıdır.

Digər sahələrdə, iqtisadi sahədə hər hansı qeyri-ənənəvi dini qruplar öz gəlirlərini, əldə etdikləri vəsaitləri bizim ənənəvi İslami dəyərlərimizin əleyhinə təşviqat üçün sərf edirlərsə, bu zaman onlara qarşı iqtisadi xarakterli müəyyən addımlar atılmalıdır. Qanunvericilikdə bu istiqamətlər üzrə zaman-zaman dəyişikliklər edilir. Biz bu sahədə hər hansı boşluq gördükdə dərhal onu aradan qaldırmalı, problemi həll etməli və qarşısını almalıyıq. Dediklərimlə bağlı konkret təkliflərimiz var. Həmin təkliflər artıq müvafiq qurumlara göndərilib.

Ölkəmizdə qeyri-ənənəvi İslami qrupların, cərəyanların yayılmasına qarşı dayanan qurumlardan biri də Qafqaz Müsəlmanları İdarəsidir. Bu idarə öz fəaliyyətində bu istiqamətində müəyyən addımlar ataraq bunun qarşısını alıb. Lakin QMİ-dəki din xadimləri, yerlərdəki axundlar, imamlar, qazilər bunu yalnız dini maarifləndirmə yolu ilə həyata keçirə bilir. Onların qeyri-ənənəvi cərəyanları qadağan etməyə və ya onların fəaliyyətlərini məhdudlaşdırmağa hansısa əlavə səlahiyyətləri yoxdur.

Bundan əlavə, Azərbaycan müstəqillik əldə edən zaman ölkədə cəmi 17 məscid var idi. Hazırda Azərbaycanda 2050-dən çox məscid var. Bu məscidlərin kimin, hansı qurumun balansında olması mühüm məsələdir. İndiki qaydalara əsasən, məscidlərin bir qismi QMİ-nin, böyük hissəsi isə yerlərdə bələdiyyələrin və dini icmaların öhdəsindədir. Burada yayğınlıq var. Hesab edirəm ki, məscidlərin kimin balansında olması məsələsində sərt mərkəzləşməyə ehtiyac var. Məscidlərin idarəçiliyi müəyən vahid qurum çərçivəsində həyata keçirilməlidir. Biz hesab edirik ki, bu sahədə böyük bir iş getməli, məscidlərin idarəçiliyi sistemli şəkildə mərkəzləşməlidir. Məscidlərin dini idarəçiliyi təbii ki, QMİ-nin tabeliyindədir və buna heç kimin müdaxilə etmək niyyəti və iddiası yoxdur. Bu sırf dini məsələdir. Amma məscidlərin idarəçiliyində icmaların birbaşa iştirakı məsələləri var. Bütövlükdə məscidin mülkiyyət olaraq sahibliyi məsələsi öz həllini ciddi şəkildə tapmalıdır.

Təxribatçılara qarşı həm hüquqi, həm də ideoloji mübarizə aparılmalıdır

- Azərbaycanda olan söz, fikir, əqidə azadlığından istifadə edən bəzi şəxslər mediada, sosial şəbəkələrdə ateist adı altında dindarları təhqir edir, ələlxüsus da İslam dininə qarşı təbliğat aparmaqla yanaşı, dini və onun müqəddəslərini təhqir edirlər. Bundan əlavə, bir sıra hallarda, bəzən isə hətta məscidlərdə xütbələr zamanı bir məzhəbin nümayəndəsi digər məzhəbin müqəddəslərini təhqir edir, onlara lənətlər yağdırır ki, bu da bəzən ölkədə müəyyən qarşıdurmaların, nifrətin artmasına rəvac verir. Bu kimi hallara yol verən şəxslərə qarşı qanunvericilik çərçivəsində müəyyən ölçülərin götürülməsi nəzərdə tutulurmu?

- Bu, tamamilə yolverilməzdir. Bununla bağlı Azərbaycan qanunvericiliyində konkret cəzalar nəzərdə tutulur. Ötən il Azərbaycan qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, artıq vətəndaşlar internetdə, sosial şəbəkələrdə böhtan, təhqir və ya təxribat xarakterli nəsə paylaşsalar, buna görə cinayət məsuliyyətinə cəlb olunacaqlar. O cümlədən, Azərbaycan qanunvericiliyinə əsasən, ölkədə milli, dini, irqi qarşıdurma yaradanlar da cinayət məsuliyyətinə cəlb olunurlar.

QMİ tərəfindən məscidlərdə xütbə deyən axund və imamlar üçün "Xütbələr" kitabı buraxılıb. Axund və imamlar məscidlərdə xütbələrini orada göstərilən nümunələrə uyğun deməlidirlər. Hansısa dini və ya tarixən dinin içərisində mövcud olan qarşıdurmalar varsa, onları xatırlatmağa, şişirtməyə, təkrarlamağa ehtiyac yoxdur. Hər kəs öz inancında sərbəstdir.

Azərbaycanda dini etiqad azadlığı ateizmin də əleyhinə deyil. Lakin mən sosial şəbəkələrdə bundan sui-istifadə edənləri təxribat xarakterli qruplar hesab edirəm. Onlar heç də xeyirxah məqsədli deyillər. Onlar dində olan xurafat elementlərinə qarşı mübarizədə Fridrix Engelsin "Antidürinq" əsərində deyildiyi kimi, "uşağı çimizdirib çirkli su ilə birlikdə onu zibilliyə atmaq istəyənlər" kimidir. Əgər bunu edən digər dinin daşıyıcısıdırsa, o, birmənalı olaraq təxribatçıdır. Əgər bunu müsəlman olub İslam dini əleyhinə "xürafat elementlərinə qarşı mübarizə" adı altında edirsə, getsin Cəlil Məmmədquluzadədən, Mirzə Ələkbər Sabirdən, Nəriman Nərimanovdan və digər mütəfəkkirlərimizdən oxusun, öyrənsin. Onlar çatışmazlıqları tənqid ediblər, amma nüvəyə, müqəddəslərə toxunmayıblar. Müqəddəslərə toxunmaq olmaz.

Bu gün kim bizim müstəqilliyimizə toxunursa, azərbaycançılığa qarşı çıxırsa, bu bizi qəzəbləndirir. Çünki bunlar bizim müqəddəs, toxunulmaz dəyərlərimizdir. Bizim dinimiz də bizim dəyərimizdir. Bu dinin əsas prinsipləri, "Qurani-Kərim"in ayələri ülvidir. Ona görə də bu cür təxribatçılara qarşı həm hüquqi, həm də ideoloji mübarizə getməlidir.

Bizim bayrağımızdakı rənglərdən biri İslam dinini simvolizə edir. Gerbimizdə alovun dilimləri ilə ərəbcə "Allah" sözü yazılıb. Əgər kim bunları qəbul etmirsə, ən azından biz ona hörmət etdiyimiz kimi o da bizə hörmət etməlidir. Sən bizim ülvi hisslərimizə sataşırsansa, biz sənə buna görə fiziki güc tətbiq etmiriksə, bu o deməkdir ki, biz tolerantıq. Amma tolerantlıq olmaq o demək deyil ki, sən bizim prinsiplərimizi, müqəddəs bildiyimiz şeyləri təhqir edəsən. Ona görə, fikrimcə, bu məsələdə media da öz sözünü deməlidir.

İnsanlara din haqqında daha geniş izahat verilməlidir

- Yeri gəlmişkən, bir müddət öncə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sədrliyi ilə keçirilən konfransda dini radikalizmlə mübarizədə KİV-lərdə dini maarifləndirmə işinə yer ayrılması məsələsi xüsusi qeyd olunmuşdu. Hazırda KİV-lərdə dini maarifləndirmənin səviyyəsi sizi qane edirmi?

- İzlədiyim KİV-ləri təhlil etsək, deyərdim ki, din və cəmiyyət münasibətləri, bu sahədə islahatlar və s. məsələlərdə media bəzən təhlillərdən daha çox sensasiya arxasınca gedir. Bu, ümummilli işdir və hər kəs bununla bağlı öz sözünü deməlidir. Media bu məsələdə bir az ləng hərəkət edir. Burada daha çox elektron KİV-lərin imkanlarından istifadə edilməlidir. Dini maarifləndirmə dedikdə, bir var "Qurani-Kərim"dən, "Tövrat"dan, "İncil"dən izahlı yazılar getsin - bu iş mütəxəssislərə aiddir - bir də var ki, əhalinin böyük əksəriyyətinə dini bilgilər verilsin. Orta məktəblərdə "Həyat bilgisi" dərsliyində, eləcə də tarix və ədəbiyyat dərslərində dinlə bağlı müəyyən bilgilər verilir. Düşünürəm ki, müəyyən dərsliklərdə düzəlişlərə ciddi ehtiyac var, onlarda insanlara din haqqında daha geniş izahat verilməlidir.

Bundan əlavə, xüsusilə, İslam dininin daşıyıcısı olan vətəndaşlarımız İslam dini, "Qurani-Kərim", İslamın əsas prinsipləri və vacib şərtləri haqqında geniş bilgi əldə etməlidirlər. Çoxları bəzən məscidə girdikdə bunu nədənsə xoflu şəkildə qəbul edirlər. Onun nəzərində məscid insanların dəfn olunduğu yer kimi görünür. Əslində isə məscid bir irfan, elm, dialoq, insanların toplaşaraq müxtəlif məsələləri müzakirə etmək mərkəzi, "Qurani-Kərim" və oradakı ayələrlə bağlı fikir mübadiləsi yeridir. Məscid eyni zamanda bir kitabxanaya çevrilməlidir. Orada yalnız dini kitablar deyil, dünyəvi kitablar, Azərbaycan klassiklərinin əsərləri də olmalıdır. İnsanlar ora yalnız ibadət etmək, namaz qılmaq üçün, bayramdan bayrama gəlməli deyil. Gəldiyi zaman isə orada müxtəlif müzakirələrdə iştirak etməlidir. Ona görə də hazırkı şəraitdə qarşımızda duran vəzifələrdən biri məscidin Azərbaycan cəmiyyətindəki yerini özünə qaytarmaq, vaxtilə olduğu kimi onu həqiqi elm, irfan mərkəzinə, insanlar üçün görüş yerinə çevirməkdir.

Əlbəttə, bu istiqamətdə çox işlər görülməlidir. Bizim bir sıra layihələrimiz var. Həmin layihələr əsasında yəqin ki, bu deyilənlərə nail olmaq mümkün olacaq. Dövlət Komitəsi Azərbaycanda dini maarifləndirmə məqsədi ilə müxtəlif tədbirlər, konfranslar, seminarlar təşkil edir. Bu işlər əvvəllər də həyata keçirilib, indi də davam edir. Azərbaycanda əhalinin dinlə bağlı bilgiləri sürətlə artır. Burada müəyyən qism media da öz üzərinə düşən vəzifəni yerinə yetirir. Dini maariflənmə dini xurafatdan uzaqlaşmanın ən yaxşı yollarından biridir. Xurafatı dinə sonradan kimlərsə uydurma şəkildə daxil ediblər. Əslində din safdır. Xüsusilə, İslam dini saf bir dindir. İslam dininin özünə məxsus böyük dəyərləri var.

Biz elektron KİV-lərdə işimizi davam etdirəcəyik, 2015-ci ilin yanvarından etibarən jurnalımızı dərc edəcəyik. Bundan əlavə, bizim "Din və cəmiyyət" adlı qəzetimiz çıxır. Burada da çox dəyərli yazılar gedir. Amma bu, yetərli deyil. Yetərli olması üçün bütün cəmiyyətin bu mövzu ətrafında səmərəli müzakirəyə qatılması lazımdır. Xüsusilə də dinlə bağlı bilgisi olan ziyalıların, alimlərin, dinşünasların, ilahiyyatçıların vaxtaşırı bu mövzularda çıxışlarına ehtiyac var. Televiziyalarda bu sahədə müzakirələr aparılması, tok-şoular və "dəyirmi masa"lar keçirilməsi zəruridir. O cümlədən, siyasi partiyalar da dini maarifləndirmə sahəsində işlərini gücləndirməlidir. Xüsusi qeyd edim ki, Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları bu sahədə böyük işlər görürlər. Yəni bu, mütəmadi xarakder daşıyan prosesdir və biz bu prosesdə davamlı olacağıq.

Yas mərasimləri qanunla tənzimlənə bilməz

- Doğru qeyd etdiniz ki, çox zaman din deyəndə insanların şüurunda yas, dəfn, hüzn kimi şeylər canlanır. Son zamanlar cəmiyyətdə yas və toy mərasimlərində israfçılıq və bunun qarşısının alınması məsələsi ciddi müzakirə obyektidir. Bəzən isə bu məsələnin dövlət tərəfindən tənzimlənməsinin zəruri olduğu qeyd edilir. Lakin təcrübə göstərdi ki, kənardan müdaxilə belə məsələlərdə bəzən neqativ hallara da gətirib çıxarır. Siz necə hesab edirsiniz, bu məsələlər qanunvericiliklə, imperativ qaydalarla tənzimlənməlidirmi?

- Dəfn mərasimləri bizim milli adət-ənənəmizə daxil olub və İslam dinindən qaynaqlanır. Yas mərasimləri milli adət-ənənələrin tərkib hissəsinə daxil olduğuna gör, bu məsələ qanunla tənzimlənə bilməz. Milli adət-ənənələr hansısa qanuna sığmaz. Bu, dünya təcrübəsində də belədir. Milli adət-ənənələri yalnız zaman dəyişə bilər. Onun hansı hissəsinin yaxşı olduğu, hansının dəyişilməli olduğu zamana bağlıdır və insanlar inkişaf sürətindən asılı olaraq, onların maraqlarına uyğun olmayan bu və ya digər qaydaları dəyişirlər. Qədim yunanlarda belə bir söz vardı: "Həndəsi aksiomlar insanların maraqlarına zidd olsaydı, onları çoxdan təkzib edərdilər". Bunun xüsusilə altını cızaraq deyirəm ki, insanların, toplumun marağına nə ziddirsə, toplum onu özü inkar edəcək, zaman çərçivəsində onu dəyişərək özünə uyğunlaşdıracaq.

Azərbaycanın iqtisadi inkişafı çox sürətlə gedir. Sosial-iqtisadi inkişaf üstqurumda baş verir. Bu, bazisdə də öz yerini tapmalıdır. Ona görə dəyişməlidir ki, üstqurumdakı dəyişiklik bazisə, bazisdəki dəyişiklik isə üstquruma təsir göstərir. Ölkə dəyişir, gözəlləşir, yollar salınır, infrastruktur yaradılır və s. Belə şəraitdə insanın həyat şəraiti, həyat tərzi də dəyişir. Bu dəyişikliklər olduqca, insanların ətrafdakı hadisələrə və adət-ənənələrdəki çatışmazlıqlara münasibəti də dəyişir. Artıq insan bəzi adət-ənənələrdəki qaydalarla yaşamaq istəmir və onun yenilənməsini istəyir. Bu, sosial bir tələbə çevrilir. Bu gün Azərbaycanda milli adət-ənənələrimizin bəzi qaydalarının dəyişməsi artır sosial tələbə çevrilib. Vaxtilə bizdə qızları ərə verərkən başlıq deyilən bir anlayış var idi. İndiki gənclərin bəziləri heç başlıq sözünün nə demək olduğunu bilmirlər. Bununla bağlı çoxlu misallar çəkmək olar.

Dəfn mərasimlərimiz dinimizin tələblərinə tam uyğun olmalıdır. İslam dini dəfn, yas mərasimini hazırda gördüyümüz kimi təsvir etmir. Dinimizdə bu cür hökm yoxdur. Bu, dini biliklərin azlığı və cəmiyyətin inkişafının müəyyən mərhələsində insanların yaranmış hansısa boşluğu doldurmaq naminə atdığı addımlardan irəli gəlir. Bu, həm də vaxtilə Azərbaycana kənardan gələn bəzi adətlərin təzahürü, yaxud biz İslamı qəbul edənədək burada olmuş bəzi adətlərin atavizm yolu ilə hələ də qalmasının nəticəsidir. Hesab edirəm ki, əhalinin əksəriyyəti sosial tələb olaraq həmin dəfn və yas mərasimlərindəki qaydaların təkmilləşdirilməsini, sadələşdirilməsini istəyir.

Başsağlığı bir dəfə verilər, 4 dəfə yox...

- Bəs dövlət və ya bələdiyyələrin müəyyən şəxslərin dəfn xərclərini tam olaraq öz üzərinə götürməsi mümkündürmü?

- Əvvəla, bildirim ki, Azərbaycanda vətəndaş vəfat etdikdə Dövlət Sosial Müdaifə Fondu vasitəsilə onun ailəsinə dəfnin təşkili üçün müəyyən məbləğdə vəsait ödənilir. Bu halda söhbət yalnız həmin vəsaitin artırılmasından gedə bilər. Azərbaycanın dövlət büdcəsinin imkanlarını nəzərə alaraq bu barədə düşünmək olar. Yəni belə bir variant da mümkündür.

Azərbaycanda məzarlıqlar əslində pulsuzdur. Əgər haradasa məzarlıq üçün müəyyən vəsait tələb olunursa, onun tənzimlənməsi qaydaları da var. Ola bilər ki, müəyyən yerlərdə qanunla müəyyən məbləğ tələb olunsun, bu da çox cüzi məbləğdir. Eyni zamanda, insan vəfat edəndə onun heç kimi olmaya bilər. Əlbəttə ki, İslam dininin tələblərinə görə, bu zaman 3 müsəlman bir yerə yığılaraq onu dəfn etməlidir. Xristianlıqda və iudaizmdə də buna uyğun tələblər var. Ölən insanın heç kimi olmasa belə, kimsə bu vaxta qədər Azərbaycanda hələ kiminsə küçədə qaldığını deyə bilməz. Bu zaman dövlət onun dəfni məsələsini öz üzərinə götürür.

Müasir dövrdə ən yaxşı, ideal variantlardan biri budur ki, bələdiyyələr öz vəsaitləri və ya dövlətin müəyyən yardımı, eləcə də icmaların köməyi ilə məhəllələrdə, kəndlərdə, qəsəbələrdə "mərasim evləri" inşa etsinlər. Bununla bağlı artıq ölkəmizdə müsbət praktika da var və orada çox cüzi məbləğ müqabilində yas mərasimlərinin keçirilməsi üçün şərait yaradılır. Bu cür "mərasim evləri"nin sayı artırılmalıdır. Əlbəttə ki, bu qısa zamanda baş verməyəcək. Lakin bələdiyyələr zamanla bunu etməlidirlər ki, kimsə öləndə onun ailə üzvü hansısa çadır və ya yer axtarmağa ehtiyac duymasın. Həmin "mərasim evləri"ndə də yas mərasimləri 3 gündən artıq olmamalıdır.

Mərasimdəki süfrəyə gəldikdə isə ora qoyulan təamlar insanlara doymaq üçün yox, mərasimə gələn insanların ölən insanın ailəsinə başsağlığı verdiyi müddətdə bir vasitə rolunu oynamaq üçün verilməlidir. Nə "Qurani-Kərim", nə "Tövrat", nə də "İncil"də ehsan anlayışında yemək sözü yoxdur. Bəzən adətin girovuna düşərək belə sual verirlər ki, mən öz əzizimə ehsan verməməliyəm? Deyirəm ki, sən öz əzizinə ehsan verməlisən. Lakin bu ehsan təkcə yeməkdən ibarət deyil, ehsan xeyrül-əməldir. Xeyrül-əməl isə insanın gördüyü xeyirxah işlərdir. İnsanın xoş sözlə birini dindirməsi, təbəssümlə salam vermək, yıxılanı ayağa qaldırmaq, ağac əkmək, bir kəndə su çəkmək, hətta susuz heyvana su vermək, tora düşmüş quşu azad etmək də xeyrül-əməldir. Baxır, kimin imkanı nəyə çatır. Ona görə də yalnız yemək verməklə vəfat etmiş əzizinin ruhunu şad edəcəyini düşünənlər səhv edirlər.

Yas mərasimlərində yeməklərin çeşidlənməsinə Sovet dövründə, xüsusən də 40-50 il bundan əvvəl başlanılıb. Ona qədər belə olmayıb. Kəndlərdə yalnız ya halva verərdilər, ya da qonşular, qohumlar özləri yemək bişirib yas sahibinin evinə gətirərdilər. Vəfat edən şəxsin ailəsinə başsağlığı vermək, ona çətin anında dayaq olmaq üçün ən əziz adamlar getməlidir. Uzaq məsafə qət edərək yasa getməyə ehtiyac yoxdur. Müasir texnikanın nailiyyətlərindən istifadə edərək telefonla da, qəzetlə də, hətta "facebook" səhifəsində başsağlığı vermək olar. Bu qəbahət deyil, normal prosesdir.

Biz bununla bağlı tövsiyələrimizi vermişik. Bunlar yalnız tövsiyələr şəklində insanlara çatdırılır. Çünki adət-ənənələrdəki dəyişikliklərə yalnız tövsiyələrlə nail olmaq olar. Burada ziyalıların, ağsaqqalların, din xadimlərinin sözünə ehtiyac var. Başda Şeyxülislam Allahşükür Paşazadə olmaqla Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı 2008-ci ildə israfçılıq əleyhinə fətva verib. Bu fətvadan sonra xeyli dəyişiklik olub, Bakıda "3" və "7" mərasimləri birləşdirilir, mərasim yalnız 3 gün davam edir. İndi rayonlarda da "7 mərasimi" yığışdırılır. "40 mərasimi"nə gəlincə, ölü sahibinin əzizləri yığışıb məzarlığa getsin, bununla da iş bitsin.

İnsan dəfn olunanda gəlib başsağlığı verirsən. Sonra "3"də, daha sonra "7"də, ondan sonra "40"da gəlib bir də başsağlığı verirsən. Deməli, bir insan üçün ən azı 4 dəfə başsağlığı verməlisən? Axı başsağlığı bir dəfə verilər, 4 dəfə yox. Onda eyni məntiqlə gərək bəylə gəlini də toydan sonra və kiminsə ad günü olanda onu 4 dəfə təbrik edək? Başsağlığı ölən insanın qarşısında mənəvi borcdur. Əgər dəfnə qatılmısansa, bu borcu yerinə yetirmisən. Dəfnə qatılmırsan, 3 gündən sonra gəlib "başın sağ olsun" deyirəsn, həm də məclisdə yemək yeyə-yeyə deyib-gülürsən. Ölü yiyəsinin qəlbində isə kədər var.

Biz bunların tədricən dəyişməsini tövsiyə edirik və insanlarımız da bunu qəbul edəcək. Çünki bu, çoxluğun sosial tələbatıdır, istəyidir. Azərbaycanda xalq özü toy qaydalarına da böyük düzəliş edəcək. Hərçənd bu məsələ bizim komitəyə aid məsələ deyil, amma orada qanunları tətbiq etmək mümkündür. Hazırda Milli Məclisdəki dostlarımız bu məsələnin üzərində işləyirlər və bununla əlaqədar qanun layihəsi hazırlayacaqlar. Bunun özü də bir sosial tələbata çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti