...

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin yeni sədri seçilib (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2014 15:48 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinə yeni sədr seçilib.
Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin yeni sədri seçilib (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinə yeni sədr seçilib.

Trend-in məlumatına görə, AYB Katibliyinin qərarı ilə bu vəzifəyə şairə Xəzangül Hüseynova təsdiq olunub.

Xəzangül Hüseynova bu gün Gəncə Dövlət Universitetində ədəbi ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, avqustun 29-da Gəncə bölməsinin sədri Məmməd Alim qəflətən dünyasını dəyişib. M.Alim 1989-cu ildən AYB-nin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı.

Xatırladaq ki, Xəzangül Hüseynova 1947-ci il dekabrın 17-də Gürcüstanın Borçalı qəzasının Qırıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. 7 kitab müəllifidir. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. 2008-ci ildə Türkiyədə "Bitmeyen Hazan" (Ankara-2008, "Bengü" nəşriyyatı) adlı kitabı çap edilib.

"Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncə Dövlət Dram Teatrında müvəffəqiyyətlə səhnəyə qoyulub.

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən Avrasiya Yazarlar Birliyinin üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti