...

Xəzər sahilində fərqli muzey (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2014 12:14 (UTC +04:00)
Yolunuz İranın Xəzər sahilində yerləşən Gilan əyalətinə düşərsə, gəzəcəyiniz yerlər siyahısına Gilanın Kənd İrsi Muzeyini də əlavə edin.
Xəzər sahilində fərqli muzey (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Yolunuz İranın Xəzər sahilində yerləşən Gilan əyalətinə düşərsə, gəzəcəyiniz yerlər siyahısına Gilanın Kənd İrsi Muzeyini də əlavə edin. Çünki bu muzey əyalətin tarixini, mədəniyyətini öyrənməkdə sizə yaxından kömək edəcək.

Gilan əyalətində səfərdə olan azərbaycanlı jurnalistlər bu muzeyə də baş çəkiblər.

Trend-in məlumatına görə, 263 hektarlıq ərazidə yerləşən muzey böyük bir kəndi xatırladır. Buradakı bəzi tikililərin yaşı 100, 150, hətta 200 ildir.

Muzey meşə zolağında yerləşir. Buranı muzeyə çevirmək ideyası 1990-cı ildə Gilanda baş verən güclü zəlzələdən sonra yaranıb. Belə ki, dəhşətli zəlzələ zamanı Gilanın bir çox yerlərində tarixi və qədim binalar uçub. Bundan sonra qərara gəlinib ki, əyalətdəki qədim evlər sökülərək xüsusi texnologiya ilə burada yenidən inşa olunsun. Beləcə, əyalətdəki qədim və tarixi evlər ev sahiblərindən alınıb, sökülüb və eyni ilə muzey ərazisində yenidən tikilib.

Muzeylə bağlı azərbaycanlı jurnalistlərə məlumat verən əyalətin Turizm, əl işləri sənayesi və mədəni irs təşkilatının rəhbəri Rza Əlizadə bildirib ki, muzey ərazisinin 40 hektarında kənd evləri inşa edilib: "Burada gördüyünüz tikililər Gilan əyalətinin müxtəlif bölgələrində yerləşən kənd evləridir. Bu evlər əsasən Gilanın şərq, qərb, mərkəz və sahilyanı kəndlərindən köçürülərək burada tikilib. Muzeyimizdə evlərdən əlavə, Gilan əyalətinin adət-ənənələri, əhalinin həyat tərzi, yeməkləri nümayiş olunur".

Təşkilat rəhbərinin sözlərinə görə, Gilanın qərb bölgəsindəki tikililərin Azərbaycan memarlığı ilə uyğunluğu var: "Muzeydə həmin ərazidən sökülərək, burada inşa olunan evlər var. Xüsusilə oxşarlıq binaların damında kirəmit örtüklərdən istifadə olunmasında və gündəlik istifadə edilən məişət əşyalarındadır".

Muzeyi İran klassik musiqisinin sədaları altında ziyarət edən qonaqlar burada dadlı təamları dadmaq imkanı da əldə edirlər. Elə muzey ərazisində Gilanın milli geyimlərində şirniyyatlar hazırlayan xanımlar da qonaqları məlumatlandırırlar.

Ziyarətçilər əyalətin milli geyimlərini geyinərək xatirə şəkli də çəkdirə bilərlər. Eyni zamanda, xanımların toxuduqları əl işləri, əyalətin görməli yerlərini əks etdirən rəsm əsərlərini əldə edə bilərlər. Muzey həm də əlamətdar günlərdə, milli bayramlarda müxtəlif tədbirlərə ev sahibliyi edir. Xüsusən Novruz bayramında burada konsert proqramları və festivallar təşkil olunur.

Bir sözlə, özünəməxsusluğu ilə seçilən bu kənd-muzeydə Gilan əyalətinin mədəniyyətini, xüsusilə kənd əhalisinin məşğuliyyətini, həyat tərzini yaxından izləmək imkanı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti