...

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırıldı

Cəmiyyət Materials 22 Sentyabr 2014 13:01 (UTC +04:00)
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırıldı.
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırıldı

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırıldı.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin ötən il Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilib, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub.

Qeyd edilən pozuntu hallarına yol verdiyinə görə təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Azərbaycan Respublikası Prezidentinin 11.09.2014-cü il tarixli 284 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılıb.

Filialda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi, müəllimlərin işlə təmin edilməsi imkanlarının araşdırılması və digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən İşçi Komissiyası yaradılıb.

Artıq bütün tələbələr könüllü olaraq seçdikləri digər ali təhsil müəssisələrinə yerləşdiriliblər və yaxın günlərdə dərslərə başlayacaqlar. Müəllim və digər işçi personalının işlə təmin edilməsi üçün tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti