...

Buzovna çimərliyində beynəlxalq təmizlik aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2014 19:32 (UTC +04:00)
Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü çərçivəsində Buzovna qəsəbəsinin 2 km sahilyanı ərazisindən 2 tona yaxın məişət tullantısı toplanıb.
Buzovna çimərliyində beynəlxalq təmizlik aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü çərçivəsində Buzovna qəsəbəsinin 2 km sahilyanı ərazisindən 2 tona yaxın məişət tullantısı toplanıb.

Trend-in məlumatına görə, Azərbaycanda "Coca-Cola"nın təşkilatçılığı ilə 5-ci dəfə keçirilən bu beynəlxalq təmizlik aksiyası şirkət tərəfindən artıq 19 il dəstəklənir. Bu il sözügedən aksiyaya Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkəti, Milli Olimpiya Komitəsi, ADA Universiteti, "Təmiz Şəhər" ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Youth Inc" Gənclərin Sahibkarlıq Proqramı, "EkoSfera" qeyri-hökumət təşkilatı, "Friday.az" informasiya-əyləncə portalı, "ALLmag" onlayn jurnalı və AUKAA təşkilatı tərəfindən dəstək göstərilib.

Tədbir paytaxt sakinlərinin marağına səbəb olub və nəticədə aksiyaya "Coca-Cola" şirkətinin əməkdaşları, hökumət və qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin nümayəndələri də nəzərə alınmaqla 350-yə yaxın könüllü qatılıb. Ötən illərdən fərqli olaraq insanlar aksiyaya ailələri ilə gəlmişdir. Belə ki, ekoloji davranışa məhz uşaq yaşından alışdırmaq gərəkdir. Aksiyada bayram əhval-ruhiyyəsi hiss olunurdu, insanla təbiətin həmrəyliyi hiss olunurdu.

"Coca-Cola Bottlers Azerbaijan" şirkətinin baş meneceri Cem Becel bildirib: "Bu gün artıq beşinci dəfədir ki, "Coca-Cola" şirkəti Azərbaycanda "Coastal Cleanup" kampaniyasını təşkil edir. Bizim üçün cəmiyyətin ekoloji rifahı hər bir insanın və ümumilikdə bütün cəmiyyətin rifahı kimi vacibdir. Buna görə, Xəzər dənizinin sahilyanı ərazini zibil və tullantılardan təmizləmək üçün biz çoxlu sayda insan cəlb etməyə calışdıq ki, onlar böyük maraq və məmnuniyyətlə aksiyaya qoşuldu. "Coca-Cola" şirkəti öz dostları, onların ailələri ilə və könüllülərlə birgə aksiya çərçivəsində 2 km sahilyanı ərazini 2 tona yaxın tullantıdan təmizləyə bilib. Sözügedən tədbir artıq bayrama çevrilib ki, onun sayəsində yaşadığımız təbiət təmizlənir. Bu müddət ərzində biz kifayət qədər insan cəlb edə bilmişik ki, onlar hər il böyük məmnuniyyətlə sahilyanı ərazilərin təmizlənməsində bizə yardım göstərirlər. Könüllülərin aksiyaya ailə şəklində gəlmələri bizi sevindirməyə bilməz. Ümumiyyətlə, bu tədbir bir cür bayrama çevrilir ki, həmin gün yaşadığımız təbiət təmizlənir. Ümid edirik ki, gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq, belə ki, çimərliklərimiz təmiz olaraq qorunub saxlanacaq".

Buzovna çimərliyi plastik və şüşə butulkalardan, konserv bankalardan və digər zibil və məişət tullantılarından təmizlənib ki, nəticədə toplanılan zibil Balaxanı poliqonuna göndərilib.

Aksiya "Topla, təmizlə, fərqi gör!" şüarı altında keçirilib və bütün aksiya iştirakçıları "Coca-Cola" şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin, təmizlik üçün lazımi avadanlıqla təmin olunub.

Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü "Coca-Cola" şirkəti tərəfindən dəstəklənir və dünya miqyasında çimərlik, daxili sular və okeanların zibil və tullantıların təmizlənməsinə dair ən iri birgünlük könüllü aksiya hesab olunur.

Ümumiyyətlə, ötən il "Coca-Cola" şirkətinin 27 ölkəsindən olan 24 min dostu sözügedən təşəbbüsə qoşulub və nəticədə dünya üzrə 2,1 min km uzunluğunda sahilyanı ərazi tullantılardan təmizlənib. Qeyd olunan rəqəmlər ilbəil artır.

Qeyd edək ki, son 4 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 26 hektar ərazisi 6 ton məişət tullantısından təmizlənib. Ümumiyyətlə, dünya üzrə bu aksiyaya hesabat dövründə "Coca-Cola"nın 27 ölkədən 650 minə yaxın tərəfdaşı qoşulub və nəticədə ümumi uzunluğu 21 min km olan sahilyanı ərazilər tullantıdan təmizlənib.

Xatırladaq ki, 1995-ci ildən etibarən "Coca-Cola" şirkəti ilə "Ocean Conservancy" təşkilatı arasında sıx əməkdaşlıq mövcuddur. Şirkət 2011-ci ildə "Ocean Conservancy" ilə birgə "Trash Free Seas Alliance"ın yaradılmasında iştirak edib. Bu, tullantıların üzə çıxmasının səbəblərinin aşkarlanması və onların aradan qaldırılması istiqamətində üzərinə öhdəlik götürən müxtəlif müəssisələrin, ictimai təşkilatların, elmi qurumların və ictimai qrupların alyansıdır.

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli və tanınmış brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 17 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke", "Fanta", "Sprite", "Coca-ColaZero", "vitaminwater", "Powerade", "MinuteMaid", "Simply" və "Georgia Coffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti