...

Azərbaycanlı gənclərin təşkilatı Ukrayna Gənclər Forumunu idarə edənlərdən biri olacaq

Cəmiyyət Materials 30 Sentyabr 2014 17:56 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) Ukrayna Gənclər Forumunun İdarə Heyətinin üzvü olub.
Azərbaycanlı gənclərin təşkilatı Ukrayna Gənclər Forumunu idarə edənlərdən biri olacaq

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) Ukrayna Gənclər Forumunun İdarə Heyətinin üzvü olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ukrayna Gənclər Forumunun I Qurultayı və təşkilata rəhbər seçkisində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) nümayəndələri də iştirak ediblər.

2006-cı ildə təsis olunmuş Ukrayna Gənclər Forumunun əsas məqsədi Ukrayna gənclərinin maraqlarını hökumətdə və beynəlxalq səviyyədə təmsil etmək üçün yerli gənclər təşkilatlarını birləşdirməkdir. Hazırda Forumun tərkibində UAGB də daxil olmaqla 66 gənclər təşkilatı var.

Forumun I Qurultayında UAGB-nin yeni sədri İlhamə Allahverdiyeva da çıxış edib. O, ukraynalı gənclərin vahid hərəkatını yaratmaq üçün Ukrayna gənclər təşkilatlarının birliyinin əhəmiyyətini vurğulayıb. Təşkilat rəhbəri bildirib ki, bu amil Ukrayna Gənclər Forumunun gələcək fəaliyyətində ana xətt olmalıdır.

İ.Allahverdiyeva, öz növbəsində, rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəal əməkdaşlığa, Ukraynada gənclər siyasətinin formalaşmasında iştirak etməyə və təşkilatın 4 illik sabit fəaliyyəti zamanı qazandığı iş təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

Tədbirdə açıq səsvermə yolu ilə Stanislav Kutsenko Ukrayna Gənclər Forumunun rəhbəri seçilib. Daha sonra qurumun İdarə Heyətinin 25 təşkilatdan ibarət yeni tərkibi müəyyənləşib.

Səsvermənin nəticələrinə görə UAGB 36 təşkilat arasından 8-ci yeri tutaraq təşkilatın İdarə Heyətinin tərkibinə daxil olub. Ukrayna Gənclər Forumunun rəhbərliyində UAGB-ni təşkilatın İdarə Heyətinin üzvü Aysel Nağıyeva təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti