...

"Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı"nın layihəsi hazırlanır

Cəmiyyət Materials 1 Oktyabr 2014 10:20 (UTC +04:00)
BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilib. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.
"Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı"nın layihəsi hazırlanır

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi "Ahılların müdafiəsi ilə bağlı Qətnamə"yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilib. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.

"Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rəsmi statistikaya əsasən, respublikamızda belə şəxslərin sayı 400 min nəfərə yaxındır. Həmin insanların hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi Ümummilli lider Heydər Əliyevin sosial siyasət kursunun vacib tərkib hissəsi olub. Milli və bəşəri dəyərlərə söykənən bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən layiqli səviyyədə davam və inkişaf etdirilir. Dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlara, 2006-cı il 17 aprel tarixli Sərəncamla təsdiqlənmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na, habelə bir sıra dövlət proqramlarına uyğun olaraq, ötən müddətdə ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülüb.

Ahıl şəxslərin rifahında mühüm yer tutan pensiya təminatı mütəmadi olaraq gücləndirilir. Hazırda Azərbaycanda əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 172,7 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 190,9 manat, əvəzetmə əmsalı 45 faiz təşkil edib. Nəticədə, pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib.

Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar əmək pensiyaları ilə yanaşı, Azərbaycan Prezidentinin təqaüdü ilə də təmin olunurlar. Dövlət başçısının 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Böyük Vətən müharibəsi əlillərinə verilən Azərbaycan Prezidentinin təqaüdləri cari il aprelin 1-dən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırılıb. Eyni zamanda, 30 aprel 2014-cü il tarixli Sərəncamla Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği cari ilin may ayının 1-dən 82 faiz artırılaraq 55 manatdan 100 manata qaldırılıb.

Bu vaxta qədər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 1055 nəfər Böyük Vətən müharibəsi əlili minik avtomobili, həmin təbəqədən olan 80 nəfərə yaxın ahıl isə mənzillə təmin edilib. Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də işlər ilbəil güclənir.

Hazırda respublikamızda 13 100 nəfərdən çox vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 11 min nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. Həmçinin ƏƏSMN-nin sosial xidmət müəssisələrində 200 nəfərədək ahıl tam dövlət təminatında yaşayır.

Dövlət başçısının bu təbəqədən olan insanlara diqqət və qayğısının növbəti ifadəsi kimi, ƏƏSMN-nin Bilgəh müharibə və əmək əlilləri üçün pansionatının (Qocalar evi) beşmərtəbəli, 170 yerlik ikinci korpusu inşa olunaraq istifadəyə verilib. Burada beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, asudə vaxtlarının mənalı təşkili üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırda ƏƏSMN tərəfindən "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı"nın (2014-2020-ci illər) layihəsi hazırlanır. Layihənin hazırlanması zamanı BMT-nin Beynəlxalq Madrid Fəaliyyət Planının və Yaşlaşma Problemləri üzrə Vyana nazirlər konfransının prinsipləri, ahılların layiqli həyat tərzi keçirmələri üçün əlverişli şəraitin yaradılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və s. məsələlər diqqətdə saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti