...

Universitetlər arasında sazişlər imzalanıb (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2014 13:35 (UTC +04:00)
Gəncədə keçirilən III Beynəlxalq Şərab Festivalının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.
Universitetlər arasında sazişlər imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Gəncədə keçirilən III Beynəlxalq Şərab Festivalının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar. Mərkəzlə tanışlıqdan sonra konfrans zalında Universitetlər arasında əməkdaşlığa dair sənədlərin imzalanması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev açaraq, III Beynəlxalq Şərab Festivalı ilə əlaqədar şəhərimizə təşrif gətirmiş qonaqları və mərasim iştirakçılarını salamlayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin bütün sahələrində olduğu kimi, beynəlxalq arenada da apardığı siyasətdən, Gəncə şəhərinin Fransa ilə geniş əlaqələrindən danışıb. Sonra Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının Prezidenti Andre Vilye, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin BMT və Qlobal İqtisadi Təşkilatlar Şöbəsinin müdiri Elmar Məmmədov və Yuxarı-Alzas Müluz Universitetinin Prezidenti Kristin Qanqlaf-Ziyeqler çıxış edərək, ölkəmizlə Fransanın ayrı-ayrı regionları arasında sosial-iqtisadi əlaqələrin genişləndirilməsini, şərabçılıq məhsullarının istehsalında beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıblar. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Yuxarı-Alzas Müluz Universitetinin Prezidenti Kristin Qanqlof Ziyeqler arasında üzümçülük və şərabçılıq sahələrində, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov və yenə də Yuxarı-Alzas Müluz Universitetinin Prezidenti Kristin Qanqlof-Ziyeqler arasında şərab texnologiyaları sahəsində əməkdaşlıq sazişləri imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti