...

IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində panel təşkil edilib (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2014 18:44 (UTC +04:00)
Bu gün IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təhsil naziri Mikayıl Cabbarovun moderatorluğu ilə panel keçirilib.
IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində panel təşkil edilib (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Aygün Bədəlova/

Bu gün IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təhsil naziri Mikayıl Cabbarovun moderatorluğu ilə panel keçirilib.

Trend-in məlumatına görə, paneldə Forum çərçivəsində müxtəlif mövzularda keçiriləcək "dəyirmi masa"lara sədrlik edəcək şəxslər çıxış ediblər.

"Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru" mövzusunda "dəyirmi masa"ya sədrlik edəcək Los Anceles şəhərinin sabiq meri, Kaliforniya ştatı Məclisinin sabiq spikeri Antonio Villereyqosa paneldəki çıxışında davamlı inkişafı zəruri sayıb. Bu gün qaradərili şəxsin ABŞ Prezidenti olduğunu, özünün bir zaman Los Anceles şəhərinin meri olduğunu xatırladan A.Villereyqosa deyib ki, buna baxmayaraq, hələ də həbsxanalarda daha çox qaradərililərə rast gəlinir. Universitetlərdə isə daha çox asiyalılara rast gəlinir: "Əgər sən amerikalısansa, mənşə ölkənlə daha çox əlaqəlisən. Ancaq bu, ABŞ-da birliyimizə mane olmur".

"Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri" adlı "dəyirmi masa"ya sədrlik edəcək Rusiyanın "İTAR-TASS" İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, bu forum artıq Humanitar Davos Forumuna çevrilir. KİV-in müasir dövrdə oynadığın roldan danışan Mixail Qusman qeyd edib ki, rəqəmsal dövrdə media ilə bağlı gözləntilər artır, medianı az qala inqilablarda belə günahlandırırlar: "Sosial şəbəkələr əlaqə vasitəsidir, ancaq KİV deyil. Bu, xüsusi aləmdir, biz onu hələ qavramalı, ünsiyyət qurmalıyıq. Bu gün sosial şəbəkə çox təhlükəli vasitəyə çevrilib və biz bunu nəzərə almalıyıq. Belə təəssürat yaranır ki, artıq dördüncü informasiya mühariəsi şəraitində yaşayırıq".

"İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu" adlı "dəyirmi masa"ya sədrlik edəcək Qara Dəniz Universitetlər Şəbəkəsinin baş katibi Eden Mamut (Rumıniya) qeyd edib ki, bu gün Dağlıq Qarabağdan Dnestryanı, Donbassa qədər münaqişələr var: "Nəticədə ərzaq çatışmazlığı və geni dəyişilmiş qida məhsullarından istifadə problemi ortaya çıxır. Biz fənlərarası həll variantlarını tapmalıyıq. Azərbaycan hökumətinə təşəkkür edirik ki, alimləri, istedadlı insanları bir araya toplayıb belə unikal tədbir təşkil edir".

"Davamlı inkişaf və ekoloji sivilizasiya" adlı "dəyirmi masa"ya sədrlik edəcək ABŞ-ın Kolumbiya Universitetinin professoru Con Lourens isə bu gün dünyaya davamlı insani enerji lazım olduğunu söyləyib: "Biz bu müsbət enerjini gənclər arasında axtarırıq. Gənclər, ilk növbədə, gələcək planlarının həyata keçirilməsi barədə düşünməlidirlər".

Daha sonra "Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında" mövzusunda "dəyirmi masa"ya sədrlik edəcək Atatürk Universitetinin rektoru Hikmət Koçak, "Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər" adlı "dəyirmi masa"ya sədrlik edəcək Xərçəng xəstəliyi üzrə müalicə mərkəzinin (Cancer Partners UK) rəhbəri Karol Sikora (Böyük Britaniya) və "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" mövzusunda "dəyirmi masa"ya sədrlik edəcək Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Texniki Əməkdaşlıq Departamentinin Proqram rəhbəri İvan Videnoviç (Avstriya) çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti