...

Azərbaycana gətirilən bananların Ebola virusuna yoluxmaya səbəb olması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi

Cəmiyyət Materials 21 Oktyabr 2014 11:35 (UTC +04:00)
Banan vasitəsilə Ebola virusunun Afrika ölkələrindən Azərbaycana gətirilməsi mümkün deyil.
Azərbaycana gətirilən bananların Ebola virusuna yoluxmaya səbəb olması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Banan vasitəsilə Ebola virusunun Afrika ölkələrindən Azərbaycana gətirilməsi mümkün deyil. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyib.

O bildirib ki, yalnız bananla deyil, kofe ilə bağlı da insanlar arasında belə narahatlıq yarana bilər. Amma bananda olduğu kimi, kofe ilə də virusun ölkəyə gətirilməsi mümkün deyil: "Bəlkə insanlar fikirləşirlər ki, Afrika ölkələrində insanların əlləri banana, kofeyə dəyib, virus da onda qalıb. Bu, mümkün deyil, nə viruslar, nə də bakteriyalar açıq havada çox yaşaya bilməz".

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov da Trend-ə bildirib ki, meyvə ilə virusun ölkəyə gətirilməsi mümkün deyil.

O qeyd edib ki, rəhbəri olduğu laboratoriya tərəfindən ölkəyə gətirilən bananların tərkibində ona verilən gübrənin və ağır metalların miqdarı yoxlanılır. Əgər bu göstəricilər normadan artıq olursa, onda onların satılmasının qarşısı alınır.

Bananın insan orqanizmi üçün faydalı olduğunu, xüsusilə uşaqların immunitetini qaldırdığını deyən Y.İbrahimov bildirib ki, hazırda ölkəyə gətirilən bananların tərkibi normaldır və onlarla bağlı narahatlığa əsas yoxdur.

Qeyd edək ki, son bir neçə gündə Azərbaycanda əhali arasında bananların Ebola virusuna yoluxmaya səbəb olması barədə şayiələr dolaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti