...

Polşa və Malayziyada Azərbaycanın korrupsiyaya qarşı mübarizəsindən bəhs olunub

Cəmiyyət Materials 30 Oktyabr 2014 16:05 (UTC +04:00)
Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir
Polşa və Malayziyada Azərbaycanın korrupsiyaya qarşı mübarizəsindən bəhs olunub

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycan Respublikası Prokurorluğu "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müddəalarına uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 20-24-də Polşanın paytaxtı Varşava şəhərində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurumların nümayəndələri üçün Polşanın Korrupsiyaya qarşı mübarizə üzrə Mərkəzi Bürosu və Litvanın Xüsusi İstintaq Xidməti tərəfindən kurslar təşkil olunub.

Avstriya, Latviya, Litva, Estoniya, Rumıniya, Xorvatiya və Moldovadan olan 25-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssislər qrupunun rəhbəri Rəşid Mahmudov təmsil edib.

Tədbir çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nəticələr və korrupsiya riskləri müzakirə edilib, qeyd olunan mövzu ilə əlaqədar R.Mahmudov tərəfindən təqdimat keçirilib. Kurs zamanı, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində mövcüd vəziyyət araşdırılıb, problemli məsələlər öyrənilib və inkişaf tendensiyalarının müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb.

Bundan başqa, oktyabrın 13-dən 28-dək Malayziya Krallığının paytaxtı Kuala Lumpur şəhərində Malayziya Antikorrupsiya Komissiyasının Akademiyası tərəfindən "İxtisaslaşmış dürüst məmur" adlı tədris proqramı keçirilib.

Müxtəlif ölkələrin antikorrupsiya qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Sahib İsmayılov təmsil edib.

Malayziyanın, Böyük Britaniyanın, Avstraliyanın, Sinqapurun və mötəbər beynəlxalq təşkilatların korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, sözügedən ölkələrin bu sahədə müsbət təcrübəsi, qabaqlayıcı tədbirlər, dövlət qulluqçuları üçün etik-davranış kodekslərinin əhəmiyyəti, maraqlar toqquşması və digər mövzularda məruzələr söyləyiblər.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti