...

12 min avropalı turist İrana getmək üçün növbə gözləyir

Cəmiyyət Materials 31 Oktyabr 2014 14:40 (UTC +04:00)
Avropalı turistlərin VİP qatarla İrana səyahətini təşkil edən İranın Tur Operatorlar Assosiasiyasının prezidenti İbrahim Purfərəc deyib ki, VİP qatarla İrana səfər etmək üçün 12 min avropalı turist assosiasiyaya müraciət edib.
12 min avropalı turist İrana getmək üçün növbə gözləyir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend müxbir Təmkin Cəfərov/

Avropalı turistlərin VİP qatarla İrana səyahətini təşkil edən İranın Tur Operatorlar Assosiasiyasının prezidenti İbrahim Purfərəc deyib ki, VİP qatarla İrana səfər etmək üçün 12 min avropalı turist assosiasiyaya müraciət edib.

Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, İ.Purfərəc qeyd edib ki, bu qədər avropalı turisti İrana gətirmək üçün VİP qatarla ölkəmizə daha 80 tur təşkil etmək lazımdır.

Onun sözlərinə görə, İrana gəlmək istəyən turistlər, əsasən, ABŞ, Britaniya, Almaniya, Fransa və Avstraliyadandır. Onların bəziləri artıq səfər üçün ilkin ödəniş də ediblər: "VİP qatar 2014-cü ilin sonunadək turistləri daha iki dəfə İrana gətirəcək. 2015-ci ildə isə Budapeşt-Tehran VİP səyahət qatarının İrana 9 dəfə səfəri planlaşdırılıb".

Assosiasiya prezidenti bildirib ki, hazırda baş tutmuş iki turun müsbət və mənfi tərəfləri araşdırılır və gələcəkdə turistlərin səfərdən daha səmərəli istifadəsi üçün proqramlar hazırlanıb: "Budapeşt-Tehran VİP səyahət qatarının ölkənin müxtəlif şəhərlərində olması turistləri qane edib və bu tur İrana gəlmək istəyən avropalı turistlərdə maraq oyadıb".

Qeyd edək ki, avropalı turistlərin VİP qatarla İrana səyahəti təşkil olunur. Artıq ikinci dəfə Budapeşt-Tehran VİP səyahət qatarı oktyabrın 14-də Budapeştdən yola düşüb. Qatarın kupelərində hamam, tualet və səyahət üçün lazım olan hər cür şərait var. Budapeştdən Tehrana səfərin qiyməti 9 min - 15 min dollar arasıdır. Qatar Budapeştdən Rumıniyaya, oradan isə Bolqarıstan və Türkiyə vasitəsilə İran ərazisinə daxil olur. Sərnişinlər səfər müddətində qatarda gecələyir və İranın müxtəlif şəhərlərini gəzirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti