Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir K.Zərbalıyeva/
"Akkord" nümayəndələri Naftalanda yerləşən Xocalı məktəblilərini ziyarət ediblər.
26 fevral Xocalı soyqırımı günü ilə əlaqədar olaraq, şirkətin nümayəndələri Naftalan şəhərindəki Səməd Vurğun adına 2 saylı Naftalan şəhər məktəbində yerləşən 1 saylı Xocalı məktəbinə baş çəkiblər.
Məktəblililərlə görüşdə Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Quliyeva Xocalı faciəsinin respublikamızın bütün vətənpərvər insanlarının qan yaddaşında yaşadılmalı olduğunu vurğulayıb və qeyd edib ki, "Akkord" rəhbərliyi bu məsələlərə münasibətdə həssaslıq göstərir.
Quliyeva şirkət tərəfindən Xocalı sakinlərinə, o cümlədən bütün qaçqın və köçkünlərə diqqət və qayğının bundan sonra davam etdiriləcəyini bildirib və ən yaxın vaxt ərzində Xocalı sakinlərini onların öz doğma yurd-yuvalarında ziyarət etmək arzusunu dilə gətirib.
Şirkət nümayəndələri məktəbin şagird və müəllim kollektivi üçün nəzərdə tutulmuş hədiyyələri təqdim ediblər.
Xocalı rayon təhsil şöbəsinin nümayəndəsi Xəyyam Cəfərov xalqımızın həyatında baş vermiş bütün önəmli məqamlara münasibətdə xüsusi həssaslıq və ciddi sosial məsuliyyət nümunəsi göstərən "Akkord" rəhbərliyinə və onun kollektivinə minnətdarlığını bildirib.