Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Mətbuat Şurası parlament adından çap edilən qəzetlərlə bağlı monitorinq aparır.
"Parlament adından çap olunan qəzetlərlə bağlı yeni araşdırma aparılır və onların fəaliyyəti ilə bağlı qanunsuzluq aşkar olunarsa, müvafiq tədbirlər görüləcək", - cümə axşamı Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20-i informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.
Amaşovun sözlərinə görə, Milli Məclisin müvafiq strukturlarının razılığı olmadan parlament adında qəzetlərin çap olunması özü artıq qanunsuzluqdur.
"Kütləvi informasiya vasitələri haqqinda" qanuna edilən əlavə və dəyişikliklərdə də həmin müddəa öz əksini tapıb", - Şura sədri əlavə edib.
Onun fikrincə, Milli Məclisin mətbuat xidməti rəhbərliyinin bu məsələyə diqqət ayırması da təqdirəlayiqdir.
"Düşünürəm ki, biz qarşılıqlı əməkdaşlıq nəticəsində problemin həllinə nail olacağıq", - Amaşov vurğulayıb.
Şura sədri deyib ki, parlamentin mətbuat xidmətinin müraciətindən sonra aparılan araşdırmalardan sonra iki qəzet "reket" qəzetlər siyahısına daxil edilib. "Parlament adından daha bir neçə qəzetin fəaliyyət göstərdiyi bizə də məlumdur. İndi həmin qəzetlərlə bağlı monitorinq aparılır və yaxın zamanda onlarla bağlı ciddi qərarlar qəbul olunacaq", - o xatırladıb.
Azərbaycan Milli Məclisi mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ötən həftə keçirilən mətbuat konfransında Mətbuat Şurasının indiyə qədər onların müraciəti əsasında "Parlamentin sədası" və "Azərbaycan Parlamenti" qəzetlərinin "reket" qəzetlər siyahısına salındığını bildirib.
Təvəkküloğlu deyib ki, buna baxmayaraq parlament adından daha yeddi qəzet çap olunur. Onun sözlərinə görə, "Parlamentin səsi", "Parlament-2005", "Parlament xəbərləri", "Parlament və cəmiyyət", "Parlament", "Millət vəkili" və "Deputatın tribunası" qəzetlərinin parlamentlə heç bir bağlılığı yoxdur.
Mətbuat Şurası indiyə qədər "reket" fəaliyyəti ilə məşğul olan 94 qəzetin adını "qara siyahı"ya daxil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]