Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Penitensiar müəssisələrdə cəza çəkən məhkumların böyük əksəriyyəti mülkiyyət (oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, mənimsəmə və ya israfetmə və s.), həyat və sağlamlıq əleyhinə olan (qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və yüngül zərərvurma) cinayətlərə, narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunublar. Cümə günü Trend -a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bildirilib.
Son illər Azərbaycanda ağır cinayətlərin, xüsusən də şəxsiyyət əleyhinə cinayətlərin artması narahatlıq doğurur. Gün ərzində mətbuatın yaydığı kriminal xarakterli məlumatların böyük qismini bu qəbildən olan cinayətlər təşkil edir.
Lakin bir qrup ekspertlər hesab edir ki, əvvəllər də bu qəbildən olan cinayətlər çox olub. Sadəcə, həmin faktlar gizlədilib və mətbuata yol tapa bilmədiyindən problem aktual olmayıb.
Xidmətdən bildirilib ki, son illər hərbi xidmət əleyhinə törədilən (fərarilik, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) cinayətlərin sayı azalıb ki, bu da orduda nizam-intizamın yaradılması ilə əlaqələndirilir.
Azərbaycanda məhkumların 342-si qadın məhkumlardır. Onların böyük əksəriyyəti - şəxsiyyət əleyhinə cinayətlərə (70 nəfər), narkotiklərin qanunsuz dövriyyəsinə (60), mülkiyyət əleyhinə cinayətlərə (60) və insan alverinə (40) görə məhkum olunublar.
Azərbaycanda cinayət törətmiş və azadlıqdan məhrum edilmiş 40 uşaq məhkum var. Qeyd edək ki, Cinayət qanunvericiliyinə görə, 16 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb olunur. Lakin bir qism ağır cinayətlərə görə, 14 yaşdan cinayət məsuliyyətinə cəlb etmək mümkündür.
PX-dən bildirilib ki, cəza çəkən yetkinlik yaşına çatmayan məhkumların böyük əksəriyyəti oğurluğa görə cinayət məsuliyyətinə cəlb ediliblər.
Azərbaycanda 24 ölkədən 505 əcnəbi məhkum cəza çəkir. PX-dən verilən məlumata görə, əcnəbilərdən 162 nəfəri Gürcüstan, 131-i İran, 107-si Rusiya, 14-ü Pakistan, 29-u Türkiyə, 13-ü Ukrayna, 8-i Qazaxstan vətəndaşlarıdır.
Azərbaycanda məhkum olunmuş əcnəbilərin böyük əksəriyyəti sərhəddi qanunsuz keçmə, narkotiklərin qanunsuz dövriyyəsi və mülkiyyət əleyhinə cinayətlərdə təqsirli biliniblər.
Ötən il Azərbaycan məhkəmələrində baxılan cinayət işlərinin əksəriyyəti mülkiyyət, həyat və sağlamlıq əleyhinə törədilən cinayətlərdir.
Ali Məhkəmədən Trend -a verilən məlumata görə, ötən il Ali Məhkəmənin cinayət işləri üzrə məhkəmə kollegiyasında baxılan işlərin sayı 2008-ci illə müqayisədə 7,7 faiz (54 iş) azalıb.
Baxılan işlərdən 197-si mülkiyyət əleyhinə olan cinayətlər (oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, mənimsəmə və ya israfetmə və s.), 182-si həyat və sağlamlıq əleyhinə olan (qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və yüngül zərərvurma) cinayətlərdir.
Ali Məhkəmədən bildirilib ki, ötən il bu instansiyada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 97, ictimai təhlükəsizlik əleyhinə cinayətlər üzrə 49, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə (adam oğurluğu, insan alveri, böhtan, təhqir) 48, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər üzrə 54 işə baxılıb.
Ötən il ərzində ədalət mühakiməsi əleyhinə (4 iş), kompüter informasiyası sahəsində (2 iş), insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə (1 iş) olan cinayətlərin sayı az olub.