Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycanda saxta pul kəsməkdə təqsirli bilinən şəxslərin məhkəməsi keçirilib.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Lənkəran şəhər sakinləri Bəhruz Yaqubov və Hüseyn Cavadovun cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Yaqubovun 10 il, Cavadovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə martın 4-də hökm elan edəcək.
Yaqubov işlədiyi disk-kaset satışı ilə məşğul olan "Bəhruz" studiyasında həmyerlisi Cavadovla birlikdə kompüter və skayner vasitəsilə saxta əskinaslar çap edib və yayılmasını təşkil edib.
Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları 2009-cu il sentyabrın 17-də təqsirləndirilən şəxsləri saxlayıb. Onların üzərinə baxış keçirilən zaman 11 ədəd 100 manatlıq saxta pul əskinası aşkar edilərək götürülüb.
Təqsirləndirilən şəxlər Cinayət Məcəlləsinin saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma (204.2) maddəsi ilə ittiham olunurlar.