Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan ilə Slovakiya arasında hüquqi əməkdaşlıq inkişaf edir.
Azərbaycan ədliyyə naziri Fikrət Məmmədov bu ölkənin ədliyyə naziri xanım Viera Petrikovanın dəvəti ilə fevralın 22-25-də Slovakiyada rəsmi səfərdə olub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, hər iki nazirin görüşündə ölkələrimiz arasında hüquqi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu vurğulanıb.
Görüşdə ədliyyə və məhkəmə fəaliyyətinə dair təcrübə mübadiləsi aparılaraq Azərbaycanda keçirilən genişmiqyaslı məhkəmə islahatı barədə məlumat verilib, Ədliyyə Akademiyasının fəaliyyəti, hakim və hakimliyə namizədlərin treninqi, məhkəmə qərarlarının icrası, inzibati ədliyyənin formalaşdırılması kimi aktual məsələlər müzakirə olunub.
Görüşdən sonra nazirlərin iştirakı ilə KİV nümayəndələri üçün brifinq keçirilərək ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin inkişafına maraq bildirilib, Azərbaycanda məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi üzrə islahatlar barədə məlumat verilib.
Səfər çərçivəsində Slovakiyanın Baş prokuroru, Konstitusiya və Ali məhkəmələrinin rəhbərliyi ilə görüşlər keçirilib, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi, əməkdaşlıq məsələləri müzakirə olunub, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Nümayəndə heyəti Slovakiyanın Ədliyyə Akademiyasının fəaliyyəti ilə yaxından tanış olub.
Azərbaycanda məhkəmə infrastrukturunun yaxşılaşdırılması üzrə görülən tədbirlərlə əlaqədar təcrübə mübadiləsi məqsədilə birinci instansiya məhkəmələrinin iş şəraiti ilə tanış olub, hakimlərlə görüş keçirilərək məhkəmə sisteminin səmərəli fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Slovakiyanın ədliyyə naziri ötən ilin mayında Azərbaycana səfərdə olub, Ədliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.