Azərbaycan, Bakı, 27 / Trend , müxbir F.Hüseynli/
Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə buzadırmanma üzrə Azərbaycanın milli komandası tarixində ilk dəfə olaraq Rusiyanın Kirov şəhərində keçirilmiş Dünya Kuboku 2010 yarışlarının birinci mərhələsində iştirak edib.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, yarışların birinci mərhələsində 16 ölkəni təmsil edən 68 idmançı yarışıb.
Dünya səviyyəli buzadırmananların da iştirak etdiyi 42 kişi və 26 qadın idmançıları arasında keçirilən yarışlarda sürət dırmanması üzrə kişi idmançılarımız 18-ci, qadın idmançılarımız isə 17-ci yeri tutublar.
Yarışlar keçirilən dövrdə bu idman növü üzrə hakimlər üçün təşkil edilmiş seminarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nümayəndələri də iştirak edərək Beynəlxalq Alpinizm Federasiyasının (UIAA) beynəlxalq hakimlik sertifikatlarını alıblar.
Mətbuat xidmətindən bildiriblər ki, yarışlarda iştirak edən yığma komandamızın üzvləri ən güclü idmançılarla birgə yarışaraq yaxşı təcrübə qazanıblar. Bu da gələcəkdə idmançılarımızın buzadırmanma texnikasını yaxından öyrənməyə və bu idman növünün səviyyəsini yüksəltməyə şərait yaradacaq.
Mətbuat xidmətindən həmçinin deyiblər ki, yaxın zamanlarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Azərbaycanda ilk dəfə buzadırmanma üzrə beynəlxalq turnir təşkil etməyi planlaşdırır.