...

Azərbaycanda velosiped yarışları üçün veloparklar tikiləcək

İdman Materials 26 İyul 2014 10:48 (UTC +04:00)
Azərbaycanda I Avropa Oyunlarına hazırlıqla əlaqədar dağ velosipedi yarışları üçün veloparklar tikiləcək.
Azərbaycanda velosiped yarışları üçün veloparklar tikiləcək

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda I Avropa Oyunlarına hazırlıqla əlaqədar dağ velosipedi yarışları üçün veloparklar tikiləcək.

Trend-in məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov "Azərbaycan" qəzetində dərc etdirdiyi məqaləsində Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarına hazırlıqla əlaqədar görülən son işlər barədə məlumat verib.

Nazir bildirib ki, ölkə başçısının müvafiq fərmanı ilə I Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.

A.Rəhimovun sözlərinə görə, I Avropa Oyunları zamanı çimərlik voleybolu, çimərlik futbolu, 3x3 basketbol, su polosu idman növləri üzrə beynəlxalq yarışların keçiriləcəyi Avropa Oyunları Parkının tikintisi, Su İdmanı Sarayının inşası, Heydər Əliyev adına İdman Konsert Kompleksinin əsaslı təmiri, Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması, Bakı İdman Sarayının (Əl Oyunları Sarayı) əsaslı təmiri, 65000 tamaşaçı tutumu olan Olimpiya stadionunun tikintisi işləri davam etdirilir.

I Avropa Oyunları ilə əlaqədar kamandan oxatma idman növü üzrə yarışların keçirilməsi üçün T.Bəhramov adına Respublika Stadionunda müvəqqəti qurğuların qurulması, boks, qılıncoynatma, karate, taekvondo, voleybol idman növləri üzrə yarışlar üçün Bakı Kristal Zalında arakəsmələrin qurulması və müvəqqəti qurğularla təchiz edilməsi, kanoe idman yarışlarının təşkili məqsədilə Mingəçevir "Kür" Olimpiya Tədris İdman Mərkəzində əlavə işlərin yerinə yetirilməsi, BMX velosipedi və dağ velosipedi yarışları üçün veloparkların tikintisinə hazırlıq işləri yerinə yetirilir.

A.Rəhimov əlavə edib ki, gələn il Avropa Oyunlarında qitənin 49 ölkəsindən 6000-dən artıq idmançının Azərbaycana gəlməsi gözlənilir. İdmançılar 19 idman növündə öz qüvvələrini sınayacaqlar.

Nazir onu da qeyd edib ki, I Avropa Oyunlarından əlavə, FİDE-nin konqresində 2015-ci ildə şahmatçıların dünya kuboku, bir il sonra keçiriləcək şahmat olimpiadasının paytaxtımıza həvalə olunması da yarış təşkilatçılığında Azərbaycanın artıq ən nüfuzlu turnirlərə ev sahibliyi etmək iqtidarında olduğunu əyani nümayiş etdirir: "Bu mənada ən son qərar - 2017-ci il İslam Oyunlarının Bakıda keçirilməsi ilə bağlı verilən qərar idman sahəsində daha bir sərhədin aşılması deməkdir. Əlbəttə, bütün bunlar gələcəkdə Azərbaycanı Olimpiya Oyunları kimi bəşəriyyətin ən böyük idman bayramını təşkil etməyə aparan yoldur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti