...

Sorgu: Azərbaycan gənclərinin 71 faizi Bakı 2015 Avropa Oyunlarının keçirilməsini səbirsizliklə gözləyir

İdman Materials 20 Avqust 2014 14:23 (UTC +04:00)
Sorğu göstərir ki, Azərbaycan gənclərinin 71%-i Bakı 2015 Avropa Oyunlarının keçirilməsini səbirsizliklə gözləyir.
Sorgu: Azərbaycan gənclərinin 71 faizi Bakı 2015 Avropa Oyunlarının keçirilməsini səbirsizliklə gözləyir

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Sorğu göstərir ki, Azərbaycan gənclərinin 71%-i Bakı 2015 Avropa Oyunlarının keçirilməsini səbirsizliklə gözləyir.

Trend-in məlumatına görə, yenicə aparılmış sorğu göstərir ki, minlərlə Azərbaycan gənci Bakı 2015 Avropa Oyunları zamanı könüllü kimi fəaliyyət göstərmək imkanı əldə etdiyinə görə sevinir.

150 403 azərbaycanlı tələbə arasında aparılmış sorğu indiyə qədər ölkədə aparılmış ən böyük tədqiqatdır. Bu tədqiqat göstərir ki, sorğu iştirakçılarının 71%-i Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etməsinin ölkəmizə mənfəət gətirəcəyinə inanır.

26 mindən çox sorğu iştirakçısı isə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) ilk Oyunların keçirilməsi üçün nəzərdə tutduğu 12 min könüllü vəzifəsinə ərizə verməyi səbirsizliklə gözləyir.

BAOƏK qeyd edir ki, "Qaliblər sırasında ol" şüarı gəncləri könüllülər proqramına qoşulmaq üçün ruhlandıracaq.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, azərbaycanlı tələbələr arasında aparılmış bu ətraflı sorğu gənc nəslin Avropa Oyunlarına olan böyük marağının sübutudur: "Oyunların baş tutması üçün kömək göstərməyə can atan bu qədər gənc insanın olduğunu bilmək bizi ruhlandırır. Çünki biz bütün dünyanın burada yüksək əhval-ruhiyyədə olmasını və məşhur Azərbaycan qonaqpərvərliyinin şahidi olmasını istəyirik. Bütün qitənin zövq ala biləcəyi ilk Avropa Oyunlarına yaxınlaşmağa davam etdikcə tələbələrin ruh yüksəkliyinin bizə də sirayət etməsini təmin etmək üçün daha çox iş görməli olacağıq".

Sorğu Azərbaycan Gənclər Fondunun və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə bu ilin əvvəllərində BAOƏK tərəfindən aparılıb.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru və Bakı 2015-in Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev qeyd edib ki, könüllülər Oyunların uğurlu olmasında mərkəzi yer tutacaqlar: "Əminəm ki, onların əldə edəcəkləri təcrübə Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcək. Bütün ölkə idmana böyük maraq göstərir və Azərbaycanı böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməyə qadir müasir və dinamik ölkəyə çevirmək üçün Bakı 2015 mükəmməl platforma olacaq. Bir neçə həftədən sonra universitet tələbələri üçün yeni dərs ili başlayacağına görə biz səbirsizliklə bu kampaniyanın növbəti mərhələsini gözləyirik. Hazırda Oyunları dəstəkləmək arzusunda olan Azərbaycan gənclərindən minlərlə ərizələr almaqdayıq".

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bildirib ki, sorğu nəticəsində müəyyən olunub ki, Azərbaycan gəncləri arasında könüllü mədəniyyəti tam formalaşıb: "Mən əminəm ki, yarışların uğurlu keçməsi üçün könüllülərin üzərinə düşən vacib missiyanı tələbə-gənclərimiz uğurla yerinə yetirəcəklər".

Bu gün BAOƏK, həmçinin könüllülər proqramı ilə bağlı qəbul kampaniyasının ilk iki ayı ərzində 8 min-dən çox ərizə aldığını bəyan edir.

İyunun 12-də rəsmi fəaliyyətə başlamış bu proqram ilk Avropa Oyunları zamanı bir sıra vəzifələr üçün gənc azərbaycanlıları və beynəlxalq könüllüləri cəlb etmək məqsədi daşıyır.

21 yaşlı Azər Alməmmədov Bakı 2015 Avropa Oyunlarının ilk könüllülərindən biri kimi seçilib və gələn il keçiriləcək tədbirə öz töhfəsini verəcəyinə ümid edir.

A.Alməmmədov qeyd edib ki, Avropa Oyunlarının yaradacağı ovqatın bir hissəsinə çevrilmək üçün könüllülük gözəl fürsətdir: "Biz gənc ölkəyik və ilk Avropa Oyunları millətimizin gələcəyinin formalaşmasına azərbaycanlıların cəlb olunduğunu göstərmək üçün imkan yaradacaq. Biz Avropaya və hətta bütün dünyaya göstərmək istəyirik ki, müxtəlif mədəniyyətlərə malik bir çox ölkələrdən insanları qarşılayarkən nələr etməyə qadirik".

Əhalisinin 60%-nin yaşı 30-dan aşağı olan Azərbaycanın hazırkı gənc nəsli ölkənin gələcəyini qurmaqda mühüm rol oynayacaq və Bakı 2015-in özündən sonra qoyacağı mirasdan faydalanacaq.

Bakı 2015 könüllülər proqramı çərçivəsində mövcud olan imkanlar haqqında əlavə məlumat əldə etmək üçün bu linkə daxil olmaq olar: https://www.facebook.com/baku2015volunteers

Məqalədə:
Xəbər lenti

Xəbər lenti