...

Məhəmmədrəsul Məcidovun rəqibləri məlum oldu

İdman Materials 15 Sentyabr 2014 17:37 (UTC +04:00)
AIBA Pro Boxing (APB) yarışında superağır çəki dərəcəsində mübarizə aparacaq idmançıların adlarına aydınlıq gəlib.
Məhəmmədrəsul Məcidovun rəqibləri məlum oldu

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

AIBA Pro Boxing (APB) yarışında superağır çəki dərəcəsində mübarizə aparacaq idmançıların adlarına aydınlıq gəlib.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, dünya və Avropa çempionu, London olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu çəkidə əsas favoritlərdən sayılır. Onun əsas rəqibləri 2011-ci ilin Avropa çempionu rusiyalı Məhəmməd Omarov, 2 dəfə dünya çempionatının bürünc mükafatçısı olmuş almaniyalı Erik Pfeyfer və WSB liqasının döyüşlərində pis təsir bağışlamayan rumıniyalı Mihay Nistor olacaq.

Qeyd edək ki, M.Məcidov artıq iki dəfə M.Omarovla üz-üzə gələrək hər iki qarşılaşmada qalib olub. Boksçumuz Rusiya nümayəndəsini həm London olimpiadasının ¼ finalında, həm də ötən il Almatıdakı dünya çempionatında məğlub edib.

Superağır çəki dərəcəsində APB-nin döyüşləri Bakıda keçiriləcək. M.Məcidovdan başqa, Braziliya olimpiadasına lisenziya verən bu yarışda Cavid Çələbiyev (56 kq) və Fariz Məmmədov da gücünü sınayacaq. APB-nin püşkatma mərasimi sentyabrın 17-də Astanada olacaq.

Superağır çəki dərəcəsində mübarizə aparacaq idmançılar:

Məhəmmədrəsul Məcidov (Azərbaycan) - 27 yaşı var. 2 qat dünya çempionu (Bakı, 2011-ci il; Almatı, 2013-cü il), Avropa çempionu (Minsk, 2013-cü il). 2012-ci il London olimpiadasının bürünc mükafatçısı.

Mihay Nistor (Rumıniya) - 23 yaşı var. 4 qat Rumıniya çempionu.

Erik Pfeyfer (Almaniya) - 27 yaşı var. 2 dəfə dünya çempionatının bürünc mükafatçısı (Bakı, 2011-ci il; Almatı, 2013-cü il).

Fakundo Sezar Qiqlioni (Argentina) - 31 yaşı var. "Argentina Condors" komandasının heyətində WSB liqasının iştirakçısı.

Sergey Verveyko (Ukrayna) - 26 yaşı var. WSB liqasının iştirakçısı.

Ouatah Nevfel (Fransa) - 28 yaşı var. Peşəkar boksda 13 döyüşdən 12-də qalib gəlib.

Məhəmməd Arjaoui (Mərakeş) - 27 yaşı var. 2008-ci il Pekin olimpiadasının iştirakçısı.

Məhəmməd Omarov (Rusiya) - 24 yaşı var. Avropa çempionu (Ankara, 2011-ci il).

Xəbər lenti

Xəbər lenti