...

Yerli pilotlar "V1 Challenge Azerbaijan" yarışına ruh yüksəkliyi ilə hazırlaşırlar (FOTO)

İdman Materials 19 Sentyabr 2014 20:16 (UTC +04:00)
Sürət, mühərriklərin uğultusu, yanmış rezin qoxusu, cəsarətli pilotlar və əlbəttə ki, bol adrenalin - bütün bunlar ilk dəfə oktyabrın 11-də Bakıda məşhur "Baku Crystal Hall" konsert kompleksində keçiriləcək "V1 Challenge Azerbaijan" möhtəşəm avtomobil yarışının təqdimat şousunun qonaqlarını gözləyir.
Yerli pilotlar "V1 Challenge Azerbaijan" yarışına ruh yüksəkliyi ilə hazırlaşırlar (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Vüqar İmanov/

Sürət, mühərriklərin uğultusu, yanmış rezin qoxusu, cəsarətli pilotlar və əlbəttə ki, bol adrenalin - bütün bunlar ilk dəfə oktyabrın 11-də Bakıda məşhur "Baku Crystal Hall" konsert kompleksində keçiriləcək "V1 Challenge Azerbaijan" möhtəşəm avtomobil yarışının təqdimat şousunun qonaqlarını gözləyir.

Trend-in məlumatına görə, "V1 Challenge Azerbaijan" yarışı Azərbaycan Avtomobil Federasiyası tərəfindən təşkil olunub.

"V1 Challenge Azerbaijan" yarışı ilə əlaqədar artıq avqustun 25-dən məşqlərə başlanılıb. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovun iştirakı ilə keçirilən məşqlərdə yarışa qatılacaq pilot və hakimlərə nəzəri-praktik məşğələlər təşkil edilib.

Biz Azərbaycan və digər ölkələrdən 20-yə yaxın pilotun iştirakı ilə baş tutacaq şouya xüsusi ruh yüksəkliyi ilə hazırlaşan yarış iştirakçılarımızın məşqlərində olduq. Pilotların sözlərinə görə, onlar bütün məharətlərini göstərməyə və qalib gəlməyə hazırdırlar. Üstəlik, pilotlarımız, necə deyərlər, doğma divarlar arxasında çıxış edəcəklər və tamaşaçıların dəstəyi təmin olunub.

"V1 Challenge Azerbaijan" ərəfəsində Bakıda yarışmanın təqdimatına həsr olunan şou təşkil ediləcək. "Bakı Crystal Hall"da keçiriləcək bu şouda peşəkar pilotlar müxtəlif yaddaqalan manevrlərlə tamaşaçılara maraqlı anlar təqdim edərək birincilik uğrunda mübarizə aparacaqlar.

Şoudan əvvəl isə tanınmış siyasət və mədəniyyət xadimlərinin də iştirakı ilə yarış avtomobillərinin yürüşü keçiriləcək. Bu yürüşlər avtomobillərin həddən artıq sürətlə şütüyəcəyi, sürət həddini aşmağa görə nəinki dayandırılmayacağı, əksinə, daha sürətlə sürmək üçün pilotların alqışlanacağı nadir hadisələrdən biridir.

Tədbirin pilotların məharətlərini əyani izləyə biləcək, yüksək sürət və maraqlı tryukların şahidi olacaq minlərlə tamaşaçını, avtomobil idmanı pərəstişkarlarını, müxtəlif ölkələrdən mütəxəssis və jurnalistləri bir araya gətirəcəyi gözlənilir.

2011, 2012 və 2013-cü il mövsümlərində 110 mindən çox izləyiciyə adrenalin dolu anlar yaşadan "V1 Challenge" yarışı həm də sağlam həyat tərzini təbliğ edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti