...

Azərbaycanlı pilot Bolqarıstanda açıq çempionatın qalibi olub (FOTO)

İdman Materials 29 Sentyabr 2014 17:40 (UTC +04:00)
16 yaşlı azərbaycanlı pilot Gülhüseyn Abdullayev Bolqarıstanın Burqas şəhərində keçirilən "V1 Challenge Bulgaria" açıq çempionatının qalibi olub.
Azərbaycanlı pilot Bolqarıstanda açıq çempionatın qalibi olub (FOTO)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Vüqar İmanov/

16 yaşlı azərbaycanlı pilot Gülhüseyn Abdullayev Bolqarıstanın Burqas şəhərində keçirilən "V1 Challenge Bulgaria" açıq çempionatının qalibi olub. Bu barədə Trend-ə Azərbaycan Avtomobil Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yeniyetmə pilotun çempionatda iştirakı federasiyanın dəstəyi ilə baş tutub.

Yarışlarda Azərbaycan, Bolqarıstan və Türkiyədən olan pilotlar iştirak ediblər. G.Abdullayev çempionatın ən gənc iştirakçısı olub.

O, oktyabrın 11-də "Bakl Kristal Zalı"nda Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçiriləcək "V1 Challenge Azerbaijan" yarışlarında iştirak edəcək. "V1 Challenge Azerbaijan" yarışlarında Azərbaycan və digər ölkələrdən 10-dan artıq pilot iştirak edəcək. Təqdimat şousunun gedişində peşəkar pilotlar tamaşaçılara yaddaqalan manevrlər nümayiş etdirəcək və birincilik uğrunda mübarizə aparacaqlar. Bakıda şou başlananadək məşhur siyasi və mədəniyyət xadimlərinin iştirakı ilə yarışlarda iştirak edəcək avtomobillərin paradı keçiriləcək.

Yarışlar ərəfəsindəki məşqlərə avqustun 25-dən başlanıb. Məşqlər zamanı pilotlar və hakimlər üçün nəzəri və praktiki məşğələlər təşkil olunub.

"V1 Challenge Azerbaijan"in təqdimat şousunda məşhur "Voca People" qrupu da iştirak edəcək.

Xatırladaq ki, 2013-cü ildə Azərbaycan və Türkiyə çempionu G.Abdullayev gənclər və böyüklər arasında kartinq üzrə yarışlarda ikinci, 2013-cü ildə Türkiyədə keçirilən yeddi yarışın yekunları üzrə isə komanda birinciliyində birinci yeri tutub. 2013-cü ilin noyabrında Nyu Orleanda (ABŞ) keçirilən "Rotax Max Challenge Grand Finals" kartinq üzrə dünya çempionatında çıxış edib və avtomobil idmanı üzrə belə nüfuzlu beynəlxalq birincilikdə ilk dəfə Azərbaycan bayrağını yüksəldib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti