...

Prezident İlham Əliyev Azərbaycan mətbuatının böyük dostu, hamisi və qayğıkeşidir

Nəzər nöqtəsi Materials 25 Noyabr 2013 18:41 (UTC +04:00)
2013-cü il noyabr ayının 24-də Azərbaycan Prezidenti ilə ölkənin mətbu icmasının nümayəndələri arasında görüş keçirildi. Görüşün məqsədi jurnalistlərin dostu seçilmiş Azərbaycan Respublikasının Prezidentinə növbəti dəfə "Jurnalistlərin dostu" mükafatının təqdim olunması idi.
Prezident İlham Əliyev Azərbaycan mətbuatının böyük dostu, hamisi və qayğıkeşidir

Hikmət Babaoğlu - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

2013-cü il noyabr ayının 24-də Azərbaycan Prezidenti ilə ölkənin mətbu icmasının nümayəndələri arasında görüş keçirildi. Görüşün məqsədi jurnalistlərin dostu seçilmiş Azərbaycan Respublikasının Prezidentinə növbəti dəfə "Jurnalistlərin dostu" mükafatının təqdim olunması idi. Jurnalistlərlə görüşü zamanı Prezident İlham Əliyev, ilk növbədə, Azərbaycan mətbuatının inkişaf yoluna nəzər saldı. Əslində, mətbuatın inkişafına diqqət və qayğı göstərən cənab Prezident həm də onun inkişaf tendensiyasını və dinamikasını professional səviyyədə bilən, izləyən və qiymətləndirən ekspert kimi danışdı. Cənab Prezident Azərbaycan mətbuatının müstəqillik tarixini Sovetlər Birliyinin son illəri ilə əlaqələndirdi. O qeyd etdi ki, Azərbaycanda müstəqil mətbuat ənənələri hələ ötən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəlində formalaşmağa başlayıb. Doğrudan da, SSRİ sərhədlərinin içərisində yaşasaq da, artıq 1987-88-ci illərdə Azərbaycanda müstəqil ideyalar, fikirlər formalaşmağa başlayırdı ki, bu da ölkəmizdə baş verən ictimai-siyasi hadisələrlə əlaqədar idi. Burada SSRİ rəhbərliyinin gətirdiyi yenidənqurma, aşkarlıq kimi ideoloji tezislərin rolu olsa da, hesab edirik ki, daha çox bu fonda baş verən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda müstəqil mətbuatın yaranmasına təsir göstərirdi. Çünki bu, milli məsələ olduğu üçün Azərbaycan mətbuatında bu problemə milli yanaşma formalaşırdı. Bu mənada, cənab Prezident haqlı olaraq qeyd etdi ki, hələ o dövrdə Azərbaycanda artıq müstəqil fikir formalaşırdı və müstəqil milli mətbuatımızın formalaşması illərini həmin dövrə aid etmək olar.

Milli mətbuatımızın tam müstəqilliyi senzuranın ləğvindən sonra oldu

Sonrakı illərdə isə Azərbaycan mətbuatı keşməkeşli bir dövr keçdi. 1990-cı illərin əvvəllərində Azərbaycan mətbuatı enişli-yoxuşlu, mürəkkəb və xaotik bir dövr yaşadı. 1991-ci ildə müstəqilliyimizi əldə etməyimizə baxmayaraq, ondan sonrakı ilk illərdə bəzi hallarda Azərbaycan mətbuatı Sovet dövründə totalitar rejimdə belə məruz qalmadığı təzyiqlərlə üzləşmişdi və jurnalist peşəsi sürətlə nüfuzdan düşməyə başlamışdı. Sovet dövrünün mətbuatına nə qədər tənqidi yanaşsaq da, o dövrdə jurnalist peşəsi ictimai nüfuzlu bir peşə idi. Sonrakı illərdə isə Azərbaycan mətbuatına daxil olan yeni tendensiyalar jurnalistlərin ictimai nüfuzunu aşağı saldı və eyni zamanda, 1990-cı illərin əvvəllərində hakimiyyət təmsilçiləri tərəfindən Azərbaycan mətbuatına, milli mətbuatımıza qarşı qəddar münasibət sərgiləndi. Bu illər, əlbəttə ki, Azərbaycan mətbuatı tarixinin qara səhifələri kimi yadda qaldı. Lakin sonrakı illərdə Azərbaycan mətbuatı inkişaf etməyə başladı ki, bu da ölkəmizdə demokratiyanın bərqərar olması ilə əlaqədar idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev jurnalistlərlə görüşündə qeyd etdi ki, 1990-cı illərin ortalarınadək ölkəmizdə müstəqil milli mətbuat formalaşmağa başlasa da, müstəqil mətbuatın inkişafı üçün əsas təşkil edən dönüş nöqtəsi 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən senzuranın ləğv olunması idi. Doğrudan da bu, Azərbaycan milli mətbuatının tarixində olduqca böyük hadisə idi.

Demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın çox böyük rolu var

Jurnalistlərlə görüşündə, həmçinin, bu illər ərzində Azərbaycan mətbuatının inkişaf yoluna toxunan cənab Prezident qeyd etdi ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın çox böyük rolu var. Doğrudan da, əgər demokratik cəmiyyət qurulursa, burada ilk növbədə, mətbuat, söz azadlığı, fikir plüralizmi bərqərar olmalıdır. Belə olmazsa, şübhəsiz ki, demokratik cəmiyyətdən danışmaq mümkün deyil. Belə şəraitdə Azərbaycan mətbuatının bu dövr tarixini cənab Prezident məhz ölkədə qurulan demokratiya ilə əlaqələndirdi. Hesab edirik ki, bu, olduqca doğru təsbit idi.

Sonrakı mərhələdə isə bildiyimiz kimi, ötən əsrin sonlarından başlayaraq, XXI əsrin əvvəllərində bütövlükdə dünya mediasına yeni keyfiyyət və yeni texnoloji vasitələr daxil oldu. Bu isə azadlıqları bir qədər də artırdı, mətbuat-cəmiyyət ünsiyyəti daha da genişləndi, eyni zamanda, funksionallıq baxımından mətbuatın rolunu daha yüksəklərə daşıdı və yeni, modern qarşılıqlı münasibətlər formalaşdırdı. Bu dövr Azərbaycan mətbuatının və dünya mətbuatının internet erasından ibarət idi. Artıq medianın inkişafında internet mərhələsi media və cəmiyyət münasibətlərini elə bir mərhələyə gətirib çıxardı ki, burada artıq nəinki nəzarətdən danışmaq olmazdı, tam əksinə, nəzarətsizlikdən, xaosdan söhbət gedə bilərdi. Amma əlbəttə ki, ötən illər ərzində formalaşan, sosial media kimi qiymətləndirdiyimiz internet mediası yeni keyfiyyətlər qazanmağa və dərhal ictimai reaksiyaya müvafiq olaraq, özünü tənzimləməyə və cilalamağa başladı. Bu dövrü xarakterizə edən cənab Prezident qeyd etdi ki, Azərbaycanda internet azaddır və bu gün Azərbaycanda internet istifadəçiləri ölkə əhalisinin 70 faizindən çoxdur. Cənab Prezident, həmçinin bildirdi ki, internet azadlığı olan yerdə, heç şübhəsiz, mətbuat, söz azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilməz. Eyni zamanda, dövlət başçısı qeyd etdi ki, Azərbaycanda dinamik inkişafı təmin etmək üçün sabitlik var və eyni zamanda, Azərbaycan mətbuatı, xalqı, cəmiyyəti üçün də müstəqillik, dövlətçilik və müasirlik prinsipləri üstünlük təşkil edir və etməlidir.

Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı güclü iradə var

Sadalanan fikirlər, heç şübhəsiz, hər bir inkişaf etmiş və demokratik cəmiyyətin əsas prinsiplərindəndir. Ona görə də, çoxzolaqlı internet xətləri ilə Azərbaycanın bütün yaşayış məntəqələrinin təmin olunması Azərbaycanda media azadlığının yeni mərhələsi kimi səciyyələndirilə bilər. Bu dövr mətbuatının özünəməxsus fəaliyyətini müşahidə edirik. Azərbaycan mətbuatının inkişafından danışan cənab Prezident, eyni zamanda qeyd etdi ki, azad milli mətbuatın inkişafı üçün ölkənin müstəqil olması şərtdir. Dövlət başçısı əlavə etdi ki, biz xoşbəxt xalqıq ki, bu gün ölkəmiz müstəqil siyasət aparır və müstəqil bir dövlətdir. Dövlət quruculuğu prosesində demokratik prinsiplərin təmin olunması xüsusi yer tutur və Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı güclü iradə var. Biz bu məqamda onu qeyd edə bilərik ki, demokratiyanın inkişafı həm də ölkədə söz və mətbuat azadlığının, milli mətbuatın inkişafı ilə bağlıdır. Ona görə də, cənab Prezident məhz demokratiya və söz azadlığını bir-birindən ayırmadan Azərbaycan milli mətbuatını həm də ölkədə demokratiyanı təmin edən vasitə kimi gördüyünü qeyd etdi.

Böyük dostun xeyirxah tövsiyələri

Bununla bərabər, jurnalistlərlə görüşündə Azərbaycan Respublikasının Prezidenti mətbuatın keyfiyyəti, missiyası, rolu və eyni zamanda, onu hansı keyfiyyətdə görməsi ilə bağlı fikirlərini səsləndirdi. Cənab Prezident bəzi hallarda cəmiyyətdə nikbin əhval-ruhiyyənin hökm sürməsi üçün xəbər balansının qorunmasını Azərbaycan mətbuatına tövsiyə etdi. Hesab edirik ki, bu fikir, əslində, cənab Prezidentin Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda səsləndirdiyi fikirlərinin bir növ davamı və yekunu idi. Cənab Prezident həmin Forumda qeyd etmişdi ki, istər dünya, istərsə də Azərbaycan mediasında neqativ informasiyalar daha çox yayılır və bunu məqbul hesab etməmişdi. Doğrudan da, hər cür neqativ informasiya cəmiyyətdə mənfi ovqat, əhval-ruhiyyə yaradır, pozitiv informasiya isə cəmiyyətdə müsbət ovqat formalaşdırır. Eyni zamanda, media ictimai şüura təsir edən lokomotiv vasitə olduğu üçün onun yaydığı fikirlər ayrı-ayrı fərdlər tərəfindən kütləvi şəkildə mənimsənilir. Yəni, mediada yayımlanan neqativ, kriminal, qeyri-əxlaqi informasiyalar bizim şüuraltı yaddaşımızda toplaşaraq gələcəkdə davranışlarımıza təsir edən baza rolunu oynayır. Şəxsiyyət sosial varlıq kimi bunun təsirindən çıxa bilmir. Ona görə də, əgər biz neqativ informasiyalarla yükləniriksə və o, bizim şüuraltı yaddaşımızın bazasını təşkil edirsə, deməli gələcəkdə biz ətrafdakılarla davranışda kriminal, qeyri-əxlaqi, qeyri-mənəvi və s. ola bilərik. Medianın cəmiyyətdə bu cür nüfuzunu və rolunu görən Prezident qeyd etdi ki, cəmiyyətdə bu balansı qorumaq lazımdır. Dövlət başçısı bildirdi ki, neqativ informasiyaların yayılması tendensiyası Qərbdən gəlir. Çünki bugünkü dünya mediasının lokomotivi hesab olunan Qərb mətbuatında da neqativ informasiyalar önə çəkilir, ilk xəbərlər sırasında yerləşdirilir. Bu isə təbii ki, neqativ əhval-ruhiyyə yaradır. Ona görə də, çox hallarda biz əslində, mətbuatın bəzən kriminal dünyaya ideya verdiyinin, qeyri-əxlaqi və qeyri-mənəvi mühitə əlavə neqativ impulslar ötürdüyünün şahidi oluruq. Tutaq ki, Azərbaycanda mövcud olan kriminal çevrələri təşkil edən ünsürlərin hər hansı bir cinayətlə bağlı ideyası yoxdur. Amma Qərb mediasında belə bir informasiya yayılanda kriminal dünya dərhal onu təcrübə kimi mənimsəyir və özününküləşdirərək, Azərbaycan mühtinə uyğunlaşdırmağa, tətbiq etməyə çalışır. Cənab Prezident neqativ informasiya dedikdə həm də bunları nəzərdə tuturdu. Biz bu gün Azərbaycan mediasında birinci dərəcəli qohumlar arasında kriminal hadisələrlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bu hadisələr içərisində Azərbaycan cəmiyyətində deqradasiya yarada biləcək qeyri-əxlaqi komponentlər də var. Çox təəssüf ki, Azərbaycan mətbuatı bu hadisələri istər sosial mediada çox paylaşır, istərsə də çap mediasında bu xəbərləri təkrar-təkrar yaymağa çalışır. Bu informasiyaların kriminal tərəfini bir kənara qoysaq, onların mənəvi aşınmaya gətirib çıxardığını görərik. Eyni zamanda, insanlar bu cür qeyri-mənəvi kriminal hadisələr barədə dəfələrlə qarşılaşdıqlarında artıq təəccüblənmirlər. Hələ şəxsiyyət kimi tam formalaşmamış, neqativ kriminal münasibətlə meyilli şəxslərdə yeni ideya yaradır və belə hadisələrin sayının çoxalmasına gətirib çıxarır. Ona görə də, cənab Prezident Azərbaycan jurnalistlərinə tövsiyə edərək bildirdi ki, cəmiyyətdə nikbin əhval-ruhiyyənin qorunması üçün xəbər balansının qorunması lazımdır.

Azərbaycan informasiya blokadasından çıxıb... ancaq mübarizə davam etməlidir

Cənab Prezidentin vurğuladığı digər bir məsələ ölkədə vətənpərvərliklə bağlıdır. O, qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması ilə bağlı Azərbaycan mediası daha fəal olmalıdır. Amma eyni zamanda, dövlət başçısı qeyd etdi ki, bu gün Azərbaycan informasiya blokadasından çıxıb. Ancaq bu, heç şübhəsiz ki, Azərbaycan mediasını arxayın salmamalıdır, mübarizə bundan sonra da davam etdirilməlidir. Əlbəttə hesab edirik ki, bu, Azərbaycan mediasına bir çağırış idi. Cənab Prezident həm də qeyd etdi ki, Azərbaycan mediası milli məsələlərdə həmrəy olmalıdır. Əgər belə olarsa, Azərbaycan həqiqətləri dünyaya daha yaxşı çatdırıla, dünya ictimaiyyəti tərəfindən daha asanlıqla qəbul oluna, Azərbaycanın maraqları daha yaxşı qoruna bilər. Cənab Prezident bildirdi ki, bəzi xarici dairələr ölkəmizin uğurlu inkişafından, Azərbaycanın müstəqil dövlət kimi məsələlərə müstəqil münasibətindən o qədər də xoşları gəlmir. Buna baxmayaraq, Azərbaycan bütün məsələlərdə müstəqilliklə, milli maraqlarla bağlı dünya media orqanlarına tutarlı cavablar verə bilir.

Milli maraqların qorunmasında medianın rolu böyükdür

Cənab Prezident qeyd etdi ki, bütün bu hallarda milli maraqlarımızı qorumaq üçün daha güclü olmalıyıq və bu proseslərdə medianın rolu böyükdür. Hesab edirik ki, bu, Azərbaycan media nümayəndələri, mətbu icması tərəfindən bir missiya kimi qəbul edilməsi üçün çağırış idi, yəni, Azərbaycan mediası milli maraqları qoruyan bir vasitə olmalıdır. Cənab Prezident həm də qeyd etdi ki, belə olmadıqda, Azərbaycan mediasında yanlış, qeyri-obyektiv yazılan informasiyalar ayrı-ayrı anti-azərbaycançı mərkəzlər tərəfindən Azərbaycan hakimiyyətinə dövlət və milli maraqlarda güzəşt edilməsi üçün bir təzyiq vasitəsi kimi istifadə edilir. Hesab edirik ki, bu da olduqca doğru bir təsbit idi.

Bu görüşdə, demək olar ki, Azərbaycan Prezidenti XXI əsr milli mətbuatın fəaliyyət konsepsiyası ilə bağlı öz fikirlərini bildirdi və bəlli oldu ki, milli mətbuat təkcə mexaniki informasiya ötürücüsü deyil, eyni zamanda, milli maraqları qoruyan bir vasitə olmalıdır. Milli mətbuat üçün prioritet təkcə xəbər ötürmək deyil, eyni zamanda, xəbərin nə qədər obyektiv olmasını və yaxud ictimai rəy üçün, Azərbaycan cəmiyyəti üçün nə qədər xeyirli və zərərli olmasını ölçüb-biçməkdir. Eyni zamanda, milli mətbuat Azərbaycanın milli mənafelərini, milli təhlükəsizliyini, informasiya təhlükəsizliyini qoruyan bir vasitə olmalıdır. Mətbuatın vəzifəsi cəmiyyəti informasiya ilə təmin etmək olduğu qədər zərərli informasiyalardan qorumaqdır. Hesab edirik ki, bu prinsiplər, yəni, Azərbaycanın milli maraqlarının, dövlətçilik maraqlarının qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması prinsipləri və eyni zamanda, cəmiyyətdə pozitiv əhval-ruhiyyənin yaranması üçün tezislərinin özünəməxsus istiqamətlərinin formalaşması prinsipləri XXI əsr mediasının əsas istiqamətlərini təşkil etməlidir. Bu, nəticə etibarilə həm Azərbaycan mətbuatının inkişafı, həm də mətbuatın öz missiyasını yerinə yetirməsi baxımından olduqca vacib prinsiplərdir.

Jurnalistlərin problemi bundan sonra da diqqət mərkəzində olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, eyni zamanda, media nümayəndələrinin çıxışlarına da çox böyük diqqət göstərdi, ahıl jurnalistlərin sosial vəziyyəti, eyni zamanda, jurnalist ixtisasını seçən abituriyentlər üçün qabiliyyət imtahanının keçirilməsi ilə bağlı səsləndirilən təklifləri məqbul hesab etdiyini bildirdi. Cənab Przident qeyd etdi ki, Azərbaycanda qəzet satışı ilə bağlı heç bir problem ola bilməz. Azərbaycanda mətbuat azaddır və Azərbaycan dövləti mətbuatı himayə edir. Cənab Prezident bildirdi ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın çox böyük rolu var. Ona görə də, Azərbaycan mətbuatı inkişaf etməlidir, öz ənənələrinə sadiq qalaraq, Azərbaycan cəmiyyətinin lokomotiv intellektual gücü kimi formalaşmaqda davam etməlidir. Sonda Azərbaycan Respublikasının Prezidenti qeyd etdi ki, "mən dostluqda sadiq adamam, hesab edirəm ki, dostluğumuz davam edəcəkdir". Bu isə onun göstəricisidir ki, bundan sonra Azərbaycan mətbuatının inkişafına dövlət qayğısı daha da yüksək səviyyədə olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti