...

Əli Həsənov: Heydər Əliyev hakimiyyətə gələrək Xalq Cumhuriyyətinin bütün təsisatlarına sahib çıxdı (FOTO)

Nəzər nöqtəsi Materials 26 May 2016 14:55 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris-Teleradio Studiyasının əsaslı təmirdən sonra açılışı mərasimi keçirilib.
Əli Həsənov: Heydər Əliyev hakimiyyətə gələrək Xalq Cumhuriyyətinin bütün təsisatlarına sahib çıxdı (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris-Teleradio Studiyasının əsaslı təmirdən sonra açılışı mərasimi keçirilib. Sonra isə 28 may - Respublika Günü ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov deyib ki, BDU Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ən böyük yadigarlarından biridir.

AXC dönəmində təhsilə verilən qiymətə toxunan rektor həmin dövrdə bütün sahələrdə islahatlar aparıldığını vurğulayıb.

A.Məhərrəmov deyib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, dövrün ictimai-siyasi prosesləri müstəqilliyimizi təhlükə altına salırdı: "Belə bir məqamda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanma təhlükəsindən qurtardı".

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan Xalq Cumhuriyyəti tarixi mütəxəssislər tərəfindən çoxdan öyrənilir.

1918-ci ilin mayın 28-də Xalq Cumhuriyyətinin yaradıldığını xatırladan Ə.Həsənov qeyd edib ki, Xalq Cumhuriyyətinin qurucuları səhv edərək o zaman Aleksandropol quberniyası adlanan İrəvan xanlığının ərazisini ermənilərə milli dövlət yaratmaq üçün güzəştə gediblər: "Əlbəttə ki, o zaman ermənilər dövlət yaratmaq məsələsini ciddi şəkildə qoymuşdular və yaradacaqdılar da. Amma niyə bu, Azərbaycan ərazisində - İrəvan xanlığında oldu? Bu məsələ Azərbaycan hakimiyyəti və müasir dövrümüzün araşdırıcıları tərəfindən Xalq Cumhuriyyətinin fəaliyyətində mənfi hal kimi təqdim olunur".

Ə.Həsənov deyib ki, o zaman Osmanlı imperiyasının İrəvan xanlığının itirilməsində bizə vermədiyi dəstək Bakının azad olunmasında ortaya qoyuldu və Osmanlı imperiyası İrəvanın itirilməsindəki günahlarını Bakının azad edilməsində kompensasiya etdi.

Ə.Həsənov əlavə edib ki, o zaman Azərbaycan Xalq Cumhuriyyətinin diplomatik fəaliyyəti bizim indi düşündüyümüz vəziyyətdə deyildi: "O zaman səfirliklərimiz yox idi, Xarici İşlər Nazirliyi tanınmırdı, xaricdə faktiki olaraq, bizi dövlət kimi qəbul etmirdilər".

Xalq Cumhuriyyətinin uğurlarından da danışan Ə.Həsənov qeyd edib ki, Osmanlı Ordusunun iştirakı ilə Bakı şəhəri işğaldan azad olundu və sonrakı dövrdə milli paytaxta çevrilə bildi: "Xalq Cumhuriyyəti hökumətinin Bakıya köçürülməsi və ondan sonra burada fəaliyyət göstərməsi Xalq Cumhuriyyəti qurucularının həm bu günki, həm gələcək tarix, həm də Azərbaycan xalqı qarşısında da ən böyük xidmətlərindən biridir. Çünki İrəvan və başqa ərazilər itirilən kimi Bakı da itirilə bilərdi. 23 ay fəaliyyət göstərən Xalq Cumhuriyyətinin digər əsas uğuru Azərbaycan dövlətinin əsas təsisatlarının yaradılması olub. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən o hakimiyyətin qurduğu bütün təsisatlara yenidən qayıtdıq, onların yaratdığı demoktratik idarəçilik sistemi, vətəndaş birliyi ideyaları, sivil vətəndaş cəmiyyəti normaları, onların qurduğu bazar iqtisadiyyatı prinsipləri, region ölkələri ilə əməkdaşlıq normaları - bütün sahələr üzrə Xalq Cumhuriyyətinin müvafiq təsisatlarına sahib çıxdıq".

Ə.Həsənov deyib ki, Xalq Cumhuriyyətinin o dövrdəki iflası qaçılmaz idi: "İndi bəziləri günahlandırır ki, Türkiyə bizə sahib olmadı. Bəziləri deyir ki, Türkiyə Rusiya ilə sazişə gedərək Xalq Cumhuriyyətini qurban verdi. Sözün həqiqi mənasinda Türkiyə o zaman da, indi də Azərbaycanın əsas müttəfiqi olub. Amma o dövrdə çıxarılan qərarlar indi mübahisə doğurur. Xalq Cumhuriyyəti o dövrdə əsasən, bolşevik Rusiyasının diqqət mərkəzində idi".

Müasir dövrün də bəzi tarixi məsələlərinə diqqət çəkən Ə.Həsənov deyib ki, o dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti "türkün türkdən başqa dostu yoxdur" deyərək Azərbaycanda etnik qarşıdurmaya rəvac vermişdi: "Bəzi etnik azlıqlar - talışlar, kürdlər Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə etibar etmirdi. Bu insanlar Azərbaycanda hansı statusla yaşamalı idilər? Ancaq ümummilli lider Heydər Əliyevin çağırışı ilə Azərbaycan ərazisindəki bütün vətəndaşların milli birlik platforması elan edildi və bunu təməl prinsipi kimi qoydu. Hakimiyyətə gələn kimi də dərhal bunun ideoloji əsaslarını işləyib hazırladı və dövlət səviyyəsinə qaldırdı. Bu, azərbaycançılıq ideologiyası idi".

Ə.Həsənov deyib ki, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs Azərbaycan dövlətinə bağlılıq hissi ilə yaşayır və dövlət bütün vətəndaşlara eyni şəkildə qayğı göstərir.

Çıxışlardan sonra Üzeyir Hacıbəyovun əsərləri əsasında hazırlanmış "Məsəl, ya..." tamaşası nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti