...

Səfir: Türkiyə-Ermənistan münasibətləri Azərbaycan torpaqlarının işğalına son qoyulandan sonra normallaşa bilər

Nəzər nöqtəsi Materials 26 İyul 2016 13:05 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Səfir: Türkiyə-Ermənistan münasibətləri Azərbaycan torpaqlarının işğalına son qoyulandan sonra normallaşa bilər

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, səfir qeyd edib ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması ilə əlaqədar mövqeyi aydındır.

O, münasibətlərin normallaşması yolunun Azərbaycan torpaqlarının işğalına son qoyulmasından keçdiyini deyib: “Məhz bundan sonra bu məsələnin hansı formada olacağına Azərbaycanla birlikdə qərar verəcəyik”.

İ.A.Coşqun deyib ki, belə mövzularla qarşılaşarkən dərhal reaksiya vermək düzgün deyil: “Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da vurğuladı ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün də bir o qədər önəmlidir. Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində Azərbaycanla birlikdə fəaliyyət göstərməyə davam edəcək. Nazirin də qeyd etdiyi kimi, bu məsələdə Azərbaycanın verdiyi qərar nədirsə, biz onun yanındayıq. Dünyaya da anlatmağa çalışırıq ki, biz nə olur-olsun, Azərbaycanın yanındayıq”.

Diplomat vurğulayıb ki, bu məlumatları ortaya atanların məqsədi Türkiyə-Azərbaycan münasibətlərinə, Azərbaycan ictimaiyyətinin Türkiyəyə etibarına zərbə vurmaqdır.

Səfir dövlət çevrilişinə cəhddən sonra Türkiyə telekanallarında efirə gedən videoçarxda “ne mutlu ermeniyim diyene” ifadəsinə də toxunub: “Siz məsələyə təbii olaraq Azərbaycanın prizmasından baxırsınız. Azərbaycan xalqı bilsin ki, Ermənistanın işğalçılıq siyasəti sizi nə qədər üzürsə, qəzəbinizə nə qədər səbəb olursa, bir o qədər də Türkiyəyə təsir edir. Unutmaq olmaz ki, hazırda Türkiyə sıxıntılı günlər yaşayır. Videoçarxda “sünni, şiə, kürd, erməni də olsan” deyilir. Yəni Türkiyədə dövlət çevrilişi cəhdi qarşısında 80 milyon insanın qurtuluş savaşında olduğu kimi, bir araya gəldiyini diqqətə çatdırırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti