...

Politoloq: Sarkisyan məqsədinə nail ola bilmədi

Nəzər nöqtəsi Materials 1 Avqust 2016 17:46 (UTC +04:00)
Ermənistanda baş verən son hadisələr müvafiq ssenari üzərində qurulmuşdu və məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaqdan ibarət idi.
Politoloq: Sarkisyan məqsədinə nail ola bilmədi

Bakı. Elçin Mehdiyev - Trend:

“Ermənistanda baş verən son hadisələr müvafiq ssenari üzərində qurulmuşdu və məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaqdan ibarət idi”. Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, Ermənistan iqtidarı Qarabağda döyüşmüş cinayətkar Jirayr Sefilyanı bir müxalifət kimi ortaya çıxararaq guya onun azadlığa çıxması ilə bağlı müxtəlif qrupların girov götürülməsi məsələsini böyütdü və siyasi şouya çevirdi: “Təbii ki, burada Qərbin də öz maraqları var idi. Qərb Ermənistanda gedən proseslərlə bağlı mövqeyini bildirməyə çalışdı. ABŞ Ermənistanda insan hüquqlarının qorunması ilə bağlı bir bəyanat verdi. Lakin bu məsələdə Rusiya susdu. Burada hiss olunur ki, qüvvələrin bir-biriləri ilə nüfuz mübarizəsi də gedir. Ümumiyyətlə, baş verən proseslərin əsas məqsədi Serj Sarkisyanın hakimiyyətdə qalması üçün bir plan qurmaq idi”.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir addım atılanda Serj Sarkisyan bu cür məsələləri ortaya atır: “Bu birinci dəfə deyil, əvvəllər də buna bənzər hadisələr baş verib. ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat verir ki, iki ölkənin prezidentləri görüşməlidir və münaqişə istər Madrid prinsipləri, istər Kazan protokolları çərçicəsində həll edilməlidir, bu anda Ermənistanda iğtişaşlar baş verir, kimisə girov götürür və şərtlərini irəli sürürlər. Burada Jirayr Sefilyanın buraxılması birinci şərt idi, ancaq sonradan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da bəyanatlar verildi ki, Ermənistan heç bir güzəştə getməyəcək və hətta vaxtilə Dağlıq Qarabağda vuruşmuş cinayətkarlar, özlərini veteran adlandıran muzdlular ayağa qalxdı. Yəni baş verən hadisələrin əsas məğzi ondan ibarət idi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində guya heç bir güzəşt olmasın və münaqişənin həlli ilə bağlı danışıqları dalana dirəsinlər”.

Politoloq deyib ki, Sarkisyan həmsədrlərlə görüşəndə prinsiplərdən danışır, ancaq bundan dərhal sonra Dağlıq Qarabağ ərazisinə üz tutaraq öz separatçı rejimi ilə söhbətlər aparır: “Sarkisyan onlara müstəqillik söz verib. Müstəqilliyi də yerinə yetirə bilmədiyi üçün məhz bu cür siyasi şoular təşkil etməyə başlayır. Yəni Ermənistanda baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl törətmək üçün bir addım idi. Ancaq düşünürəm ki, Ermənistan öz məqsədinə nail ola bilmədi, sadəcə olaraq istər Qərb, istərsə də digər dövlətlərin diqqətini bir az cəlb etdi ki, guya Ermənistanda da müxalifət, insan haqları var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti