...

Aydın Mirzəzadə: Aprel hadisələrinin əks-sədası Ermənistanda hələ də hiss edilməkdədir

Nəzər nöqtəsi Materials 14 Sentyabr 2016 15:51 (UTC +04:00)
Apreldə Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən hərbi əməliyyatların əks-sədası Ermənistanda hələ də hiss edilməkdədir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Aydın Mirzəzadə: Aprel hadisələrinin əks-sədası Ermənistanda hələ də hiss edilməkdədir

Bakı. Elçin Mehdiyev – Trend:

Apreldə Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən hərbi əməliyyatların əks-sədası Ermənistanda hələ də hiss edilməkdədir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Azərbaycan silahlı qüvvələrinin uğurları tək Ermənistan ordusunun deyil, ümumilikdə Ermənistan hakimiyyətinin ciddi qüsurlarını üzə çıxardı: “Ciddi çaxnaşmalar qonşu ölkənin ancaq hərbi strukturlarında deyil, həm də Ermənistan cəmiyyətində özünü açıq şəkildə göstərməkdədir. Ona görə də Ermənistanda artıq Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması çağırışları da güclənməkdədir. Sadə ermənilər isə vəziyyətə kütləvi şəkildə ölkəni tərk etməklə reaksiya verirlər”.

A.Mirzəzadə bildirib ki, aprel hadisələri Ermənistanda siyasi sistemin və hakim komandanın da dəyişilməsinə ciddi təkan verdi: “Təsadüfi deyil ki, baş nazir Ovik Abramyanın istefası ilə yanaşı, müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanın da hökumətdən uzaqlaşdırlması məsələsi sayılan günlərin məsələsidir. Hansı ki, bu üç şəxsin hər biri Serj Sarqsyandan sonra Ermənistan liderliyinə əsas namizədlər hesab edilirdilər. Ancaq gözlənilmədən baş nazir postuna texnokrat Karen Karapetyan gətirilir. O fəaliyyətinin böyük bir hissəsini kommersiya işlərinə həsr edib və və Ermənistandan kənarda yaşayıb. Hakimiyyətdə mühüm postlara yeni simalar gətirməklə sanki hansısa qüvvələr Ermənistan hakmiyyətinin yeni simasını yaratmağa və bununla da onları Dağlıq Qarabağ müharibəsinin məsuliyyətindən azad etməyə çalışır.

Düzdür, Ermənistan konstitusiyasına edilən dəyişikliklərə görə gələn il keçiriləcək parlament seçkilərindən sonra ölkə prezident respublikasından parlament respublikasına çevrilir və əsas sima prezident deyil, baş nazir olacaq. Serj Sarqsyan isə bu posta iddialı olduğunu heç gizlətmirdi.

Ancaq aprel hadisələrindən sonra Ermənistanda yaranan yeni situasiya Sarqsyan və onun komandasının perspektivini şübhə altına alıb. Ermənistan hakimiyyətinin kimliyinin isə İrəvanda deyil, ölkədən kənarda müəyyən edildiyini nəzərə alsaq, Ermənistandan kənar mərkəzlər yeni, keçmişlə əlaqəsi olmayan bir hakimiyyət formalaşdırmağa və bununla da ölkədəki vəziyyəti nəzarətdə saxlamağa çalışırlar”.

A.Mirzəzadə bildirib ki, yeni təyin edilən baş nazir K.Karapetyanın bu planın ilk və əsas bəndi kimi götürüldüyü hiss edilir: “Bir tərəfdən yeni baş nazirin əvvəlki siyasi komanda kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olması Ermənistandakı Qarabağ klanını sakitləşdirməyə xidmət edir. Digər tərəfdən isə Karapetyanın keçmişlə əlaqəsinin olmaması onu bir çox keçmiş məsələlərdə cavabdehlikdən azad edir.

Bütün bunlar müəyyən müddətdə Karapetyanı həm ölkə, həm də xaricdə tanıtmağa və lazımi əlaqələr yaratmağa, sonra isə sakit şəkildə real hakimiyyətin Sarqsyandan ona keçməsinə şərait yaradır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti