...

Məzahir Pənahov: Azərbaycan seçicilərinin səs verməsi üçün bütün imkanlar yaradılıb (ƏLAVƏ OLUNUB)

Nəzər nöqtəsi Materials 26 Sentyabr 2016 08:11 (UTC +04:00)
M.Pənahov bildirib ki, Azərbaycan seçicilərinin səs verməsi üçün bütün imkanlar yaradılıb və seçicilərin Konstitusiya aktına daxil edilmiş bütün 29 hissə üzrə öz fikirlərini ifadə etmək üçün imkanı olacaq.
Məzahir Pənahov: Azərbaycan seçicilərinin səs verməsi üçün bütün imkanlar yaradılıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycan seçicilərinin səs verməsi üçün bütün imkanlar yaradılıb və seçicilərin Konstitusiya aktına daxil edilmiş bütün 29 hissə üzrə öz fikirlərini ifadə etmək üçün imkanı olacaq. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün deyib.

O qeyd edib: “Səsvermənin gedişi aşkar şəkildə təmin olunacaq. Gün ərzində 117 beynəlxalq müşahidəçi də daxil olmaqla 53 mindən artıq müşahidəçi seçki prosesini izləyəcək”.

M.Pənahov bildirib ki, gün ərzində seçki prosesinin gedişi barəsində ictimaiyyətə məlumat vermək üçün son texnologiyalardan istifadə ediləcək: “Referendumun yüksək səviyyədə həyata keçirilməsi üçün dairə və məntəqə seçki komissiyaları öz vəzifələrini layiqincə yerinə yetirəcək. Bütün arzu edilən və mümkün olan variantlardan istifadə olunub ki, həm seçicilər, həm də müşahidəçilər bu referendumun necə şəffaf keçirilməsinin şahidi olsunlar. Əminəm ki, seçkilər tam şəffaf keçiriləcək”.

MSK sədri seçkilərin şəffaf keçirilməsi ilə bağlı seçicilərə və sosial şəbəkə istifadəçilərinə də müraciət edib. O qeyd edib ki, kimsə hər hansı bir faktla qarşılaşdıqda, bu barədə MSK-ya müraciət etsin.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti