...

Deputat: Roma Papasının səfəri Azərbaycana verilən önəmin göstəricisidir

Nəzər nöqtəsi Materials 3 Oktyabr 2016 17:05 (UTC +04:00)
Azərbaycanda az sayda katolik yaşayır, ancaq bununla belə Roma Papası Fransiskin Azərbaycana səfəri onun ölkəmizlə münasibətlərə verdiyi önəmin göstəricisidir
Deputat: Roma Papasının səfəri Azərbaycana verilən önəmin göstəricisidir

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycanda az sayda katolik yaşayır, bununla belə, Roma Papası Fransiskin Azərbaycana səfəri onun ölkəmizlə münasibətlərə verdiyi önəmin göstəricisidir”.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Azərbaycan özünün siyasi nüfuzuna, iqtisadi artım tempinə, bir çox məsələlərin həllində prinsipial mövqeyinə görə dünyada kifayət qədər tanınır:

“Bu gün Azərbaycan Avropa ilə Asiya arasında çox mötəbər bir körpü rolunu oynayır. Azərbaycanın, eyni zamanda İslam dünyasında nüfuzu böyükdür, Azərbaycan mədəniyyəti dünyanın bir çox aparıcı ölkələrində tanınır və sevilir. Bütün bunlar Azərbaycanla münasibət qurmaq istəyən ölkələrin sayının artmasına gətirib çıxarır. Vatikan həm də nüfuzlu bir dini mərkəzdir və Azərbaycanla münasibətlərin qurulmasında çox maraqlıdır. Vatikan həm katolik kilsəsinin nüfuzunun artmasına, həm də Azərbaycan vasitəsilə İslam dünyasına bir körpü salınmasına böyük əhəmiyyət verir”.

A.Mirzəzadə əlavə edib ki, Roma Papasının Azərbaycana səfəri, eyni zamanda onun ölkəmiz haqqında obyektiv məlumat almasına çox böyük kömək oldu:

“Roma Papası erməni diasporunun güclü olduğu Argentinada fəaliyyət göstərib, onun dostları arasında ermənilər çoxdur. Lakin onun Azərbaycana gəlməsi, Azərbaycanın reallığı ilə tanış olması, cənab Prezident İlham Əliyevlə görüşü, ölkəmizin ictimai nümayəndələri ilə görüşü Papanın Azərbaycan və ümumilikdə Şərq dünyası haqqında təsəvvürünün genişlənməsinə kömək edəcək. Həmçinin nəzərə almalıyıq ki, Roma Papasının ətrafı da Vatikanın siyasətinin formalaşmasında böyük rol oynayır. Düşünürəm ki, onun böyük nümayəndə heyəti ilə Azərbaycana gəlməsi Vatikanda Azərbaycan və Şərq haqqında artıq obyektiv fikrin formalaşmasına çox böyük təkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti