...

Deputat: Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Nəzər nöqtəsi Materials 21 Yanvar 2017 16:33 (UTC +04:00)
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sosial yönümlüdür və mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır.
Deputat: Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sosial yönümlüdür və mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov dövlət başçısının minimum aylıq əməkhaqqının və əmək pensiyalarının sığorta hissəsinin artırılması ilə bağlı sərəncamlarına münasibət bildirərkən deyib.

E.Nəsirov bildirib ki, obyektiv səbəblərə görə, 2017-ci ilin dövlət büdcəsi bir qədər yığcam olsa da, büdcə yenə də sosial yönümlüdür və büdcə xərclərinin 40.3 faizindən çoxu məhz sosial xərcləri əhatə edir:

“Bu nöqteyi nəzərdən hesab edirəm ki, Prezident tərəfindən imzalanan bu iki yeni sənəd bir daha həmin siyasətin davamı və inkişafı kimi dəyərləndirilə bilər. Bütün bunlar cəmiyyətdə çox müsbət qarşılanacaq hadisələrdir”.

Deputat qeyd edib ki, cəmiyyətə də, insanlara da bu gün dünyada hansı proseslərin baş verdiyi yaxşı məlumdur:

“Ətrafımız yanır, dünyada iqtisadi, siyasi, sosial və hərbi böhran, dövlətlərarası etimad böhranı bir-birinə qarışıb və bu reallıqlar fonunda, Azərbaycan büdcəsinə neftdən gələn gəlirlərin azaldığı şəraitdə Azərbaycan dövləti yenə də sosial siyasəti davam etdirir”.

E.Nəsirov bildirib ki, çətin iqtisadi vəziyyətdə heç bir ölkədə əməkhaqlarının, müavinətlərin, pensiyaların artırılması istiqamətində addımlar atılmır: "Bir çoxları düşünürdü ki, indiki şəraitdə Azərbaycanda müxtəlif kateqoriyalar üzrə əmək haqlarının, pensiyaların, müavinətlərin artırılması qeyri-mümkündür və heç bir halda belə bir addım atılmayacaq. Amma Prezident İlham Əliyevin son qərarları bir daha təsdiqlədi ki, hətta neftin qiymətinin 4 dəfə aşağı düşməsinə, ölkəyə valyuta daxilolmalarının azalmasına baxmayaraq, dövlətimiz öz sosial yönümlü siyasətinə sadiqdir və bu istiqamətdə addımlar atır. Qonşu ölkələrlə müqayisə etsək, bu ölkələrin heç birində ağır iqtisadi şəraitdə belə addımlar atılmayıb".

E.Nəsirov qeyd edib ki, ölkə vətəndaşları dövlət başçısının sosial siyasətə mühüm əhəmiyyət verdiyini müşahidə edir və qiymətləndirirlər: "Bizim ən böyük nailiyyətimiz odur ki, ölkədə siyasi sabitlik var, Azərbaycan xalqı və Prezident birlik nümayiş etdirir. Xalq öz Prezidentini müdafiə edir. Dövlət başçısı da daim xalqın mənafeyindən çıxış edir".

Qeyd edək ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının və bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 116 manat müəyyən edilir, bütün növ əmək pensiyalarının sığorta hissəsi isə 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq artırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti