...

Ekspert: Prezidentin məcburi köçkünlərlə bağlı fərmanı vaxtında verilmiş qərardır

Nəzər nöqtəsi Materials 23 Yanvar 2017 19:54 (UTC +04:00)
Prezident İlham Əliyev tərəfindən imzalanan fərman vaxtında atılmış bir addımdır və həyata keçirilən iqtisadi islahatların bir tərkb hissəsidir.
Ekspert: Prezidentin məcburi köçkünlərlə bağlı fərmanı vaxtında verilmiş qərardır

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman vaxtında atılmış addımdır və həyata keçirilən iqtisadi islahatların tərkb hissəsidir.

Bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.

Ekspertin sözlərinə görə, məcburi köçkünlərə həm yemək xərci müavinəti, həm də kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər edilirdi, lakin bu birbaşa həyata keçirilmirdi:

"Yemək xərci kart vasitəsilə məcburi köçkünlərə, kommunal və digər xidmətlər üzrə ödənişlər isə müvafiq xidmət göstərən qurumlara edilirdi. Bundan sonra isə bu vəsait birbaşa məcburi köçkünlərin özlərinə ödəniləcək. Bu isə məcburi köçkünlərə edilən ödənişləri xeyli asanlaşdıracaq. Müxtəlif ünvanlarda, o cümlədən kirayədə yaşayan köçkünlər və onlara bərabər tutulan şəxslər üçün ödənişlərdə müəyyən problemlər yaranırdısa, bundan sonra artıq belə problemlər olmayacaq. Artıq bütün vəsait birbaşa məcburi köçkünlərin özlərinə veriləcək”.

A.Nağıyev qeyd edib ki, əvəllər məcburi köçkünlər kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərdən istifadə etmək üçün müxtəlif idarələrdən sənədlər, arayışlar almalı idi və burada da müəyyən çətinliklər yaranırdı:

“Artıq bundan sonra heç bir sənəd almağa ehtiyac qalmayacaq və həmin məbləğ vahid formada kart vasitəsilə məcburi köçkünlərin özlərinə ödəniləcək və onlar bu vəsaitdən sərbəst şəkildə istifadə edə biləcək. Digər tərəfdən məlumdur ki, bir çox məcburi köçkün ailələri kommunal ödənişlərdən tam istifadə etmirdi və istifadə olunmamış müəyyən qalıqlar yığılırdı ki, məcburi köçkünlər bu qalığı pul şəklində əldə edə bilmirdi. Lakin bundan sonra həmin qalıq pul şəklində məcburi köçkünün özündə qalacaq və onlar bu pulu digər ehtiyaclarına sərf edəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti