...

Elman Nəsirov: Beynəlxalq təşkilatlar öz nüfuzlarını saxlamaq üçün Ermənistana təzyiq etməlidirlər

Nəzər nöqtəsi Materials 15 Fevral 2017 15:54 (UTC +04:00)
Ermənistanın təcavüz və işğal siyasəti nəticəsində yaranmış qondarma separatçı rejimin Dağlıq Qarabağda qondarma "referendum" keçirməsi həm Azərbaycan Respublikasının Konstitusiyasının, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulmasıdır
Elman Nəsirov: Beynəlxalq təşkilatlar öz nüfuzlarını saxlamaq üçün Ermənistana təzyiq etməlidirlər

Bakı. Samir Əli - Trend:

Ermənistanın təcavüz və işğal siyasəti nəticəsində yaranmış qondarma separatçı rejimin Dağlıq Qarabağda "referendum" keçirməsi həm Azərbaycan Konstitusiyasının, həm də beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulmasıdır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu onsuz da dalana dirənmiş danışıqlar prosesinə növbəti zərbədir: "Eyni zamanda Ermənistan dövlətinin bu davranışı onun beynəlxalq hüquqa həqarətlə yanaşdığının bir ifadəsi, Ermənistanın növbəti təxribatçı addımıdır. Bizi ən çox narahat edən odur ki, Ermənistanın danışıqlar prosesinin pozulmasına yönəlmiş, status-kvo vəziyyətinin maksimum qorunub saxlanmasına istiqamətlənmiş bu təxribatçı addımını büynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət sükutla qarşılayır, prosesləri kənar müşahidəçi kimi izləyir, heç bir iradə, qətiyyət ortaya qoymurlar. Niyə görə beynəlxalq təşkilatlar postsovet məkanında baş verən bir sıra proseslərə, məsələn, Abxaziyada, Cənubi Osetiyada referendum keçirilməsilə bağlı cəhdlərə qətiyyətlə reaksiya verir, o cəhdlərin qarşısının alınması ilə bağlı son dərəcə ciddi tədbirlər və mexanizmlər işə salırlar? Niyə anoloji yanaşma tərzini Ermənistanın separatçı hərəkətlərinə qarşı nümayiş etdirmirlər? Bu kənar müşahidədə qalmağın motivi nədir"?

Millət vəkilinin sözlərinə görə, həmsədrlər, beynəlxalq təşkilatlar bunu çox yaxşı dərk etməlidir ki, belə ikili yanaşmalarla münaqişəni həll etmək olmayacaq:

"Hadisələr çox mürəkkəb xətt üzrə inkişaf edə, müharibə versiyası reallaşa bilər. Əgər belə hal baş verərsə, bütün məsuliyyət Ermənistanın və bu işğalçı rejimi himayə edən ölkələrin, beynəlxalq təşkilatların üzərinə düşəcək. Bu prosesdə məsuliyyət həm də ATƏT-in Minsk qrupunun üzərinə düşəcək ki, onlar Ermənistanın təxribatçı hərəkətlərini görür, izləyir, müşahidə edir, lakin özlərinin missiyasından irəli gələn heç bir addım atmırlar. Ermənistanın bu təxribatçı əməllərinin Münhen Təhlükəsizlik Konfransı ərəfəsinə düşdüyünü nəzərə alsaq, burada təsadüf də axtarmaq lazım deyil. Ermənistan bununla bir daha beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, onların səylərinin Ermənistan üçün heç bir dəxli yoxdur. Hesab edirəm ki, beynəlxalq təşkilatlar ilk növbədə öz simalarını qoruyub-saxlamaq üçün Ermənistana qarşı müəyyən təzyiq və təsir mexanizmlərini işə salmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti