...

Siyasi ekspert: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xalqlar arasında dialoq və münasibətlərin qurulmasına əvəzsiz töhfə verəcək

Nəzər nöqtəsi Materials 6 May 2017 09:05 (UTC +04:00)
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xalqlar arasında dialoq və münasibətlərin qurulmasına əvəzsiz töhfə verəcək.
Siyasi ekspert: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xalqlar arasında dialoq və münasibətlərin qurulmasına əvəzsiz töhfə verəcək

Bakı. Samir Əli - Trend:

"IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə əsas verir ki, ölkəmiz istər siyasi, istər sosial, istərsə də digər sahələr üzrə beynəlxalq aləmdə mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzi rolunu oynayır". Bu fikirləri Trend-ə siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, əldə edilən bu kimi uğurların əsas təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevdir və dövlət başçısının müdrik siyasəti qlobal miqyaslı təşəbbüslər fonunda bir daha öz təsdiqini tapmaqdadır: "Ümumiyyətlə, ölkə başçısı cənab İlham Əliyevin məqsədyönlü siyasəti Azərbaycanın dünyada lider ölkələr sırasında yer alması ilə nəticəsini tapmaqdadır. Bu baxımdan, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi də bu faktoru kifayət qədər ehtiva etməkdədir".

Siyasi ekspert həmçinin bildirib ki, xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri, sülh carçısı kimi çıxış etməsi dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında baza rolunu oynayır. Belə ki, bu gün Azərbaycanda mövcud olan bu əhəmiyyətli məqam hətta dünyanın bir çox nüfuzlu ölkələri tərəfindən öyrənilir: "İnanıram ki, ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıracaq, dünyanın qaynar nöqtələrində cərəyan edən ziddiyyətlərin aradan qaldırılmasında, xalqlar arasında dialoqun, qarşılıqlı münasibətlərin qurulmasında öz əvəzsiz töhfələrini verəcək. Artıq Azərbaycan həmin istiqamətdə əsaslı platforma rolunu oynamaqdadır".

B.Quliyev xatırladıb ki, Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılır və bu tədbirdə dünyanın bir sıra dövlət və hökumət başçıları, nazirləri, nüfuzlu təşkilatların rəhbərləri, tanınmış siyasətçiləri, mədəniyyət işçiləri, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları bir araya gəlir:

"Onu da qeyd edim ki, Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edir".

B.Quliyevin sözlərinə görə, artıq dünyanın aparıcı KİV-lərinin nümayəndələri də Azərbaycana gələrək, nəhəng tədbirin işıqlandırılması istiqamətində iş aparır: "Məsələn, yerli və digər KİV-lərlə yanaşı, Birləşmiş Millətlər Təşkilatının rəsmi televiziyası, eyni zamanda internet resursları IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işini yayımlayır ki, burada da növbəti ilkə imza atılır. Məhz ilk dəfə olaraq, BMT bilavasitə özünün təşkil etmədiyi tədbiri öz kanalları vasitəsilə canlı yayımlayır. Əlbəttə, bu amilin özü də Azərbaycana olan marağın və diqqətin məntiqi nəticəsidir ki, BMT səviyyəsində fəaliyyət göstərən media qurumu burada canlı olaraq yayımlarını gerçəkləşdirir. Bütün bunlar Azərbaycanın, ölkə rəhbərliyinin, bilavasitə Prezident İlham Əliyev cənablarının əldə etdiyi davamlı, ardıcıl uğurlarının nəticəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti