...

YUNESKO: Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi sülh mühitini yaratmaqdır

Nəzər nöqtəsi Materials 4 May 2017 14:38 (UTC +04:00)
Bakıda keçirilən IV Ümumdünya mədəniyyətlərarası dialoq Forumunun məqsədi insanlar arasında sülh mühitinin yaradılmasıdır
YUNESKO: Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi sülh mühitini yaratmaqdır

Bakı. Anaxanım Hidayətova, Elmira Tariverdiyeva - Trend:

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi insanlar arasında sülh mühitinin yaradılmasıdır.

Bunu Trend-ə YUNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif deyib.

Onun sözlərinə görə, məqsəd münaqişələrin qarşısının alınmasından ibarətdir:

“Bizim burada etdiklərimiz YUNESKO-nun bütün dünyada mədəniyyətlərarası dialoqla bağlı səylərinin bir hissəsidir”.

N.əl-Naşif qeyd edib ki, Bakı forumunun uğuru onun beynəlxalq arenaya çxışını müəyyən edib:

“Biz inkişaf etməkdə davam edirik və insanlar bu platformanın daha çox iş görə biləcəyindən əmin olur”.

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Mayın 6-dək davam edəcək Forum çərçivəsində bu gün Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci Akademik forumu və YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilir.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü də keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti