...

Nazir: IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun həmtəşkilatçılarının sayı artır

Nəzər nöqtəsi Materials 4 May 2017 17:28 (UTC +04:00)
Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun həmtəşkilatçılarının sayı artmaqdadır.
Nazir: IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun həmtəşkilatçılarının sayı artır

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun həmtəşkilatçılarının sayı artmaqdadır.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, bu onu göstərir ki, forum bəşəri bir prosesə çevrilir və dünyada daha böyük nüfuz qazanır: "Bu ildən etibarən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da forumun həmtəşkilatçısı qismində iştirak edir. Göründüyü kimi, Azərbaycanın bu təşəbbüsü beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Builki forum əvvəlkilərə nisbətən fərqlənir. Bizim mütəmadi görüşdüyümüz və müzakirələr apardığımız beyin mərkəzi bu təşəbbüsün daha geniş auditoriyanı əhatə etməsi təklifini irəli sürdü və təşəbbüs dəstəkləndi".

Ə.Qarayev qeyd edib ki, bu il forum çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli görüşünün keçirilməsi nəzərdə tutulur: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu toplantıya qoşulacaq. Bu toplantı yenilikdir. Eyni zamanda FAO-nun bu foruma qoşulması, FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın da iştirakı və çıxışı cəmiyyət üçün böyük maraq kəsb edəcək. Forum çərçivəsində müxtəlif ölkələrin parlament üzvlərinin bir araya gətirilməsi nəzərdə tutulur ki, bu da bir yenilikdir. Bir sözlə, bu təşəbbüslər keçən illərə nisbətən yenilik təşkil edir. 2011-ci ildə keçirilən birinci forumda 40-a qədər ölkə iştirak etmişdi. Builki forumda isə 120-dən çox ölkədən nümayəndələr, 50-yə qədər beynəlxalq qurumun nümayəndələri, 50-yə qədər QHT-nin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Yəni bu amillər deməyə əsas verir ki, bu forum beynəlxalq qurumların, QHT-lərin, dövlət rəhbərlərinin diqqətini cəlb edir. Forum maraqlı bir platformaya çevrilir".

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Mayın 6-dək davam edəcək Forum çərçivəsində bu gün Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci Akademik forumu və YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilir.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü də keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti