...

ABŞ-da ümumerməni fondunun boykot olunmasını tələb edirlər

Dünya xəbərləri Materials 28 Noyabr 2014 19:21 (UTC +04:00)
"Hayastan" ümumerməni fondunun banketi zamanı bir neçə erməni əsilli amerikalı futbolkalarında "Ümumerməni fondunu boykot edirik, ianə deyil, vergi toplayın" yazısı ilə etiraz aksiyası keçiriblər.
ABŞ-da ümumerməni fondunun boykot olunmasını tələb edirlər

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Səba Ağayeva/

"Hayastan" ümumerməni fondunun banketi zamanı bir neçə erməni əsilli amerikalı futbolkalarında "Ümumerməni fondunu boykot edirik, ianə deyil, vergi toplayın" yazısı ilə etiraz aksiyası keçiriblər. Trend-in məlumatına görə, bu barədə əsasən xaricdə yaşayan ermənilər tərəfindən yaradılmış "ArmenianReport" saytı xəbər verir.

Nümayişçilər iddia edirlər ki, fond rüşvətə bulaşıb və Ermənistan rəhbərliyinə hakimiyyətini qorumağa kömək edir. Onlar tədbirə gələnlərə məlumat veriblər ki, "Hayastan" 2012-ci ildə 20 milyon dollar toplayıb, halbuki Ermənistan hökuməti həmin il sui-istifadə hallarına və vergilər toplanmadığına görə 750 milyon dollar zərərə uğrayıb.

Nəşrin yazdığına görə, aksiyanı amerikalı jurnalist Ara Manukyan təşkil edib. O, ötən il də oxşar təşəbbüslə çıxış edib. Onun "Thetruthmustbetold․com" saytının məlumatına əsasən, A.Manukyanın tənqidinə bu dəfə rəsmi reaksiya verilib. Ümumerməni fondunun icraçı direktoru Ara Vardanyan A.Manukyanın bəyanatını böhtan adlandırıb: "Fondun bu illər ərzində Ermənistanda məktəb, xəstəxana, yollar tikdiyini görmək olmurmu?"

A.Manukyan icraçı direktora cavab verib: "Mən bəyan edirəm ki, ayrılmış məbləğin keyfiyyətlə uyğunsuzluğuna baxmayaraq, fondun tikdiyi məktəb, xəstəxanaları və s. görmüşəm. Məsələ burasındadır ki, belə layihələr Ermənistan hökumətinin təbii öhdəliyidir. Hökumət korrupsiya ilə mübarizədə siyasi iradənin olduğu və həm yoxsullardan, həm də varlılardan vergi topladğı zaman bütün bunları daha yaxşı inşa edə bilər. Əgər onlar bunu edə bilmirlərsə, nəyə görə ümumerməni fonduna rəhbərlik edirlər?"

Qeyd edək ki, fondun Himayəçilik Şurasının sədri Serj Sarkisyandır. Şuranın üzvləri sırasında Ermənistanın sabiq prezidenti Robert Koçaryan, separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan, Ermənistanın Baş naziri Ovik Abramyan, bütün ermənilərin katolikosu II Qaregin, Ermənistanın milli qəhrəmanı, ölkənin İsveçrədəki səfiri, şanson ifaçısı Şarl Aznavur da var.

B.Saakyan dünya səyahətinə çıxaraq fond üçün ianə toplayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti