...

İranda genişmiqyaslı hərbi təlimlər keçiriləcək

Dünya xəbərləri Materials 18 Dekabr 2014 12:41 (UTC +04:00)
İranda dekabrın 25-dən 31-dək 6 günlük “Məhəmməd Rəsulullah (s)” adlı genişmiqyaslı hərbi təlimlər keçiriləcək.
İranda genişmiqyaslı hərbi təlimlər keçiriləcək

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir T.Cəfərov/

İranda dekabrın 25-dən 31-dək 6 günlük "Məhəmməd Rəsulullah (s)" adlı genişmiqyaslı hərbi təlimlər keçiriləcək. Bunu İran Silahlı Qüvvələri komandanının müavini Əbdürrəhim Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Ə.Musəvi bildirib ki, hərbi təlimlər 2 milyon 200 min kvadrat kilometr ərazidə keçiriləcək: "Təlimlər suda Hörmüz boğazının şərqində, quruda isə Sistan və Bəluçistan əyalətində və Hörmüzqan əyalətinin bir hissəsində keçiriləcək".

Onun sözlərinə görə, təlimlərdə Silahlı Qüvvələrin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) hərbi hava, dəniz və quru qoşunları iştirak edəcək.

Ə.Musəvi bildirib ki, hazırda təlimlərin keçiriləcəyi ərazidə hazırlıq işləri gedir: "Təlimdə yeni silahlar, yeni taktikalar sınaqdan keçiriləcək və təhlükələrə qarşı birgə əməliyyatlar aparılacaq".

O deyib ki, təlimdə gənc komandirlərin təcrübəsinin artırılması məqsədilə əsas qərargahın nəzdində "gənc komandirlər" qərargahı da yaradılacaq.

Qeyd edək ki, İran KİV-nin məlumatına görə, 2015-ci ilin mart ayınadək İranda "Vilayət səmasının müdafiəçiləri - 5" hava hücumundan müdafiə (HHM) təlimlərinin keçirilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti