...

İranda insult xəstəliyinə düçar olan insanların yaş həddi dünyadakından 10 il azdır

Dünya xəbərləri Materials 26 Yanvar 2015 11:42 (UTC +04:00)
İranda insult xəstəliyinə düçar olan insanların yaş həddi dünyadakı orta göstəricidən 10 il azdır və bunun ekoloji və genetik səbəbləri var.
İranda insult xəstəliyinə düçar olan insanların yaş həddi dünyadakından 10 il azdır

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İranda insult xəstəliyinə düçar olan insanların yaş həddi dünyadakı orta göstəricidən 10 il azdır və bunun ekoloji və genetik səbəbləri var. Bunu İranın Beyin və sinir sistemi xəstəlikləri birliyinin sədri Hüseyn Pakdamən deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

H.Pakdamən bildirib ki, ildə 150-160 min nəfər ölkədə insult keçirir ki, onlardan 20 min nəfəri bu xəstəliyə görə həyatını itirir: "İnsult keçirənlərin yalnız 15 faizi həyatını itirsə də, 85 faizi sağ qalır, lakin onların da 70 faizi əmək qabiliyyətini itirir".

Onun sözlərinə görə, insult xəstələrinin 20 faizi gündəlik fəaliyyətlərdən - qidalanmaq, geyinmək, yuyunmaq - məhrum olur, 30 faizi isə başqalarının yardımı olmadan yeriyə bilmir: "Qan təzyiqi, diabet, köklük, az hərəkətlilik, siqaret çəkmək, narkotik maddələrdən istifadə, ekoloji və genetik faktorlar insultun baş verməsinə səbəb olur".

Qeyd edək ki, İranda ölümə səbəb olan başlıca amillər infarkt, insult, xərçəng və avtomobil qəzalarıdır. Son statistikaya əsasən, ildə 93 min iranlı infarktdan dünyasını dəyişir və bu, ölümə səbəb olan birinci əsas amildir: "İldə 43 min nəfər insult, 30 min nəfər xərçəng xəstəliyi və 19 min nəfər avtomobil qəzaları nəticəsində həyatını itirir".

İran KİV-in məlumatına görə, ölkədə gənclər arasında ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin və infarkt hallarının sayı artıb. Ötən 20 il ərzində ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin əksəriyyəti 50-60 yaş arasında olan şəxslər idisə, indi bu hal yaşı 30-dan aşağı olan gənclərdə daha çox müşahidə edilir. Ölkə əhalisindən kişilərin 43 faizi, qadınların isə 38 faizi artıq çəkidən əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti