...

G20 sammitində dünya liderlərinin məlumatlarının məxfiliyi pozulub

Dünya xəbərləri Materials 30 Mart 2015 14:03 (UTC +04:00)
2014-cü il noyabr ayında Avstraliyanın Brisben şəhərində keçirilmiş G20 sammitinin təşkilatçıları tədbirdə iştirak etmiş dövlət başçılarının şəxsi məlumatlarının məxfiliyini səhvən pozublar.
G20 sammitində dünya liderlərinin məlumatlarının məxfiliyi pozulub

Azərbaycan, Bakı, 30 mart /Trend/

2014-cü il noyabr ayında Avstraliyanın Brisben şəhərində keçirilmiş G20 sammitinin təşkilatçıları tədbirdə iştirak etmiş dövlət başçılarının şəxsi məlumatlarının məxfiliyini səhvən pozublar.

Sammit noyabrın 15-16-da keçirilib. "Guardian" qəzetinin yazdığına görə, Avtsraliyanın İmmiqrasiya və Sərhədlərinin Mühafizəsi Nazirliyinin əməkdaşı sammitdə iştirak etmiş dövlət başçılarının şəxsi məlumatlarını bu il yanvarın 9-dan 31-nə qədər bu ölkədə təşkil olunmuş Asiya Kubokunun təşkilatçılarına səhvən göndərib.

Asiya Kuboku təşkilatçılarına məlumatları göndərilən ölkə liderləri arasında Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Barak Obama, Almaniya Kansleri Angela Merkel, Hindistanın Baş naziri Narendra Mondi, Yaponiyanın Baş naziri Sindzo Abe, İndoneziya Prezidenti Coko Vidodo, eləcə də Avtsraliyanın Baş naziri Toni Ebbotun adı çəkilir. Ümumilikdə məlumat sızıntısı 31 nəfəri əhatə edir.

"Guardian" yazır ki, sızmaya səbəb nazirlik əməkdaşının "Outluk" poçta proqramına daxil etdiyi ünvanın düzgünlüyünü yoxlamaması olub.

Asiya Kubokunun təşkilatçılarının ünvanına göndərilmiş sənədlərdə "G-20" iştirakçısı olan liderlərin ad və təvəllüdləri, pasport və viza məlumatları yer alıb.

Avstraliya Miqrasiya və Sərhədlərin Mühafizəsi Nazirliyinin Viza xidmətinin direktorunun sonradan verdiyi açıqlamaya görə, burada hər bir insanın buraxa biləcəyi səhvdən söhbət gedir və məlumatların açıq şəkildə internetdə yayılması güman olunmur.

Asiya Kubokunun təşkilatçıları isə nazirliyə bildiriblər ki, qəbul olunmuş məlumatı siliblər. Adı hallanan dövlət başçılarına bu barədə məlumat verilib-verilmədiyi isə bilinmir.

G20 qlobal iqtisadi və maliyyə əməkdaşlığı üzrə məsələlərin müzakirəsinin təşkil olunduğu aparıcı forumdur. "Böyük iyirmilik" dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrini birləşdirir ki, onların da iqtisadiyyatının payına 2013-cü ildə dünya ÜDM-nin 85 faizi düşür. 2013-cü ildə G20-yə sədrliyi Rusiya, 2014-cü ildə isə Avstraliya həyata keçirib. 2015-ci ildə bu vəzifə Türkiyəyə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti