...

Ermənistanı qanlı aqibət gözləyirmi?

Dünya xəbərləri Materials 29 İyun 2015 20:22 (UTC +04:00)
Ermənistanda etiraz aksiyaları 10 gündən artıqdır davam edir və etirazlar getdikcə güclənir.
Ermənistanı qanlı aqibət gözləyirmi?

Elmira Tariverdiyeva - Trend:

Ermənistanda etiraz aksiyaları 10 gündən artıqdır davam edir və etirazlar getdikcə güclənir. Yerevanda etirazlar iyunun 17-dəki kiçik aksiyadan çoxminlik sutkalıq mitinqə çevrildi. Bu günlər ərzində Ermənistan hakimiyyəti nümayişçiləri yalnız bir dəfə sərt şəkildə dağıtsa da, yaxın günlərdə Ermənistan rəhbərliyinin səbri tükənə bilər.

Ukrayna "Maydan"ındakı hadisələrin inkişafını müşahidə edən hamı yaxşı bilir ki, hökumətin sosial etirazlara sərt reaksiyası nəyə gətirib çıxara bilər. Ermənistan hökuməti vaxtilə sosial etirazı zorakılıqla dayandırmağa çalışan və yekunda siyasi xarakterli aksiya alan Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin səhvlərini təkrarladı. Ermənistanda nümayişçilərin sayının və qətiyyətinin getdikcə artdığını nəzərə alsaq aydın olur ki, ölkədə xalq və hakimiyyət arasında ciddi qarşıdurmanın başlaması üçün istənilən səhv addım kifayət edir.

Ermənistan hökumətinin bu addıma hazır olduğu görünür. Belə ki, Ermənistan polisinin rəisi Vladimir Qasparyan ötən gün bildirib ki, polis bu dəfə daha sərt hərəkət edəcək.

Bazar ertəsi səhər saatlarında polis etiraz aksiyalarının keçirilməsinə qarşı bir sıra addımlar atıb. Belə ki, polis Baqramyan prospektində nümayişçilər üçün barrikada rolunu oynayan zibil yeşiklərini götürməyə başladı. Bu o deməkdir ki, Ermənistan hökuməti etirazçıların hərəkətinə sərt cavab verməyə hazırlaşır.

Hadisələrin yaxın 48 saat ərzində necə inkişaf edəcəyini vaxt göstərəcək, lakin hazırda ölkənin gələcəyi məhz Ermənistan hakimiyyətinin sağlam düşüncəsindən asılıdır. Etirazı boğmaq artıq mümkün deyil, çünki nümayişçilər güclərini hiss ediblər və güzəştə getməyəcəklər. Lakin etiraza qarşı sərt reaksiya hakimiyyətlə qarşıdurmanı yalnız dərinləşdirəcək, buna görə də Yerevan üçün mövcud vəziyyətdən yeganə ağıllı çıxış yolu Moskva ilə tariflərin artırılması üzrə qərarın ləğvi barədə razılığa gəlmək və bir müddət sosial xidmətlər və ilk zəruri malların qiymətinin artırılmasını unutmaqdır. Ukraynadakı kimi böyük qanlı aqibətdən yalnız bu cür xilas olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti