...

Brüssel aeroportu və metrosunda partlayışlar: 34 ölü, 198 yaralı (ƏLAVƏ OLUNUB-8) (VİDEO)

Dünya xəbərləri Materials 22 Mart 2016 18:46 (UTC +04:00)
Brüsseldə baş verən terror aktları nəticəsində ölənlərin sayı 34 çatıb, daha 198 nəfər yaralanıb.
Brüssel aeroportu və metrosunda partlayışlar: 34 ölü, 198 yaralı (ƏLAVƏ OLUNUB-8) (VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:32-də yayılıb)

Bakı. Trend:

Brüsseldə baş verən terror aktları nəticəsində ölənlərin sayı 34 çatıb, daha 198 nəfər yaralanıb. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, bunu Belçika hakimiyyəti təsdiqləyib.

Qeyd olunur ki, metro stansiyalarındakı baş verən partlayışlar nəticəsində 20 nəfər həlak olub, 106 nəfər yaralanıb, hava limanında baş verən partlayışlar nəticəsində isə 14 nəfər ölüb, 92 nəfər yaralanıb.

X X X

Brüsseldə baş vermiş silsilə terror aktları nəticəsində ölənlərin sayı 28 nəfər çatıb. Bu barədə Trend "Associated Press" agentliyinə istinadən məlumat verir.

Brüssel Metropoliteninin rəsmisi Qay Sablon bəyan edib ki, metro stansiyalarındakı partlayışlar nəticəsində 15 nəfər ölüb, 55 nəfər yaralanıb.

X X X

Brüssel aeroportunda baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. VRT telekanalının məlumatına görə, yaralıların sayı 35 nəfərdir.

İlkin məlumata əsasən, metroda baş vermiş partlayışlar nəticəsində isə 10 nəfər həlak olub.

RTBF telekanalının məlumatına görə, aeroportdakı partlayışlarla əlaqədar Brüsselin mərkəzində nəqliyyatın hərəkəti tam dayandırılıb.

X X X

Brüssel beynəlxalq hava limanındakı partlayışlar zamanı həlak olanların meyitlərinin və yaralıların çatdırıldığı San-Lyuk xəstəxanasından təsdiq ediblər ki, ən azı, 10 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəstəxananın işçisinə istinadən xəbər verir.

Aeroportdakı partlayıcı qurğunu terrorçu-intiharçı işə salıb.

Bu arada, Belçika televiziyası məlumat yayıb ki, Brüssel aeroportunda daha bir partlayıcı qurğu aşkarlanıb. Həmçinin Belçika polisi partlayışın baş verdiyi Brüssel aeroportunda partlayıcı ilə təchiz edilmiş 3 "şəhid kəməri" aşkarlayıb.

X X X

Brüssel metrosunun daha bir stansiyasında partlayış olub. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

X X X

Brüssel metrosunda da partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti Belçika mətbuatına istinadən xəbər verir.

X X X

Belçikanın paytaxtı Brüssel aeroportunda iki partlayış səsi eşidilib.

Partlayışların səbəbi hələ məlum deyil.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

RTL telekanalının məlumatına görə isə Brüssel beynəlxalq aeroportunda təxliyə işləri aparılır. Partlayışlar nəticəsində terminal binasının fasadında şüşələrin sındığı barədə bildirilir.

X X X

Brüssel aeroportunda baş vermiş partlayışlar nəticəsində 11 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayışlardan sonra bütün reyslər ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti