...

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yeni normativ-hüquqi aktları müzakirə edib (FOTO)

Dünya xəbərləri Materials 24 Fevral 2017 12:38 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yeni normativ-hüquqi aktları müzakirə edib  (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təşkilati məsələlər (Komissiyanın reqlamentinin, embleminin, blankının və s. müzakirəsi və təsdiqlənməsi) ilə yanaşı, iclasın gündəliyinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əmək sferasının gələcəyi” təşəbbüsü üzrə məruzənin müzakirəsi daxil edilib. Gündəlikdə həmçinin Nazirlər Kabinetinin “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısının və işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərar layihəsinin müzakirə edilməsi də əksini tapıb.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, Üçtərəfli Komissiyanın bir sıra təşkilati məsələlərlə yanaşı, iclasda müzakirə edəcəyi digər məsələlərin əhəmiyyətini qeyd edib. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq, əhalinin səmərəli məşğulluğuna yönələn kompleks tədbirləri diqqətə çatdırıb: “Bununla yanaşı, dünyanın qabaqcıl təcrübəsi əsasında ölkəmizdə işsizlikdən sığorta sisteminin formalaşdırılması işləri də aparılır. Belə bir sistemin yaradılması Dövlət Məşğulluq Strategiyasında da nəzərdə tutulub, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında məcburi dövlət sosial sığorta haqlarının strukturunun optimallaşdırılması zərurəti qeyd olunub”.

S.Müslümov bildirib ki, dünya praktikasında işsizlikdən sığorta sistemi ümumi sosial müdafiə sisteminin mühüm komponentlərindən biri kimi qəbul olunur. İşsizlikdən sığorta sistemi işləyən şəxslərin iş yerlərini və bununla gəlirlərini itirdikləri hallarda onların sosial müdafiəsinə, yəni itirilmiş gəlirlərinin kompensasiyasına xidmət edir: “Bu sistemin hüquqi əsaslarının yaradılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dünya təcrübəsindəki mütərəqqi prinsiplər əsas götürülməklə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb. Layihədə işsizlikdən icbari sığorta üzrə sığorta tarifləri sığortaedənlər üçün əməyin ödənişi fondunun 0,5 faizi, sığorta olunanlar üçün əmək haqqının və işdənçıxma müavinəti istisna olmaqla digər ödənişlərin (əlavələrin və mükafatların) 0,5 faizi miqdarında olması nəzərdə tutulur. Göründüyü kimi, ümumi sığorta haqqı cəmi 1 faiz təşkil edir ki, bu tarif dünya ölkələrindəki müvafiq tariflər üzrə ən aşağı səviyyədədir”.

Nazir işsizlikdən sığorta sisteminin formalaşmasının işsizlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bərabər, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi imkanlarını da artıracağını diqqətə çatdırıb: “Hazırda qlobal səviyyədə əmək və məşğulluq mövzusu üzrə aparılan müzakirələrin bir predmeti də əməyin gələcəyi ilə bağlıdır. Müasir texnologiyaların işçi qüvvəsini getdikcə daha çox əvəzlədiyi şəraitdə əməyin gələcəyi ilə bağlı BƏT-in “Əmək sferasının gələcəyi” təşəbbüsü üzrə məruzə, bu məruzədə əksini tapan tezislər də sosial tərəfdaşların müzakirə mövzularından biridir”.

Ölkəmizdə əməyin mühafizəsi sahəsində fəal dövlət siyasətinin həyata keçirildiyini qeyd edən S.Müslümov bu siyasətin əsas istiqamətlərindən birinin də işçilərin həyat və sağlamlığının mühafizəsinə yönəldiyini vurğulayıb: “Xüsusən də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərin belə istehsalat sahələrində onların sağlamlığı üçün xəstəlik riski yaradan amillərdən qorunması üçün əmək qanunvericiliyində profilaktik tədbirlərin görülməsi nəzərdə tutulur. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən 2015-ci ildə respublikanın sənaye sahəsində çalışan muzdlu işçilərin 15 faizi, tikintidə çalışanların 4,1 faizi, nəqliyyat sahəsində çalışanların 10,4 faizi, rabitə sahəsində çalışanların 2,3 faizi əlverişsiz əmək şəraitində çalışanlar (yəni ağır və zərərli iş şəraitində işləyənlər) olublar. İqtisadiyyatın digər sahələrində əlverişsiz əmək şəraitində çalışanlar az olduğu üçün onlar statistik hesabatlarda göstərilmirlər”.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli Qanunu ilə Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin ikinci abzası kimi, işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların, peşə və vəzifələrin siyahısının və onların tətbiqi qaydalarının da hazırlanması nəzərdə tutulub. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinin “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısının və işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərar layihəsi hazırlanıb. Qanunvericiliyin bu istiqamətdə təkmilləşdirilməsi işçilərin həyat və sağlamlığının qorunmasında profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir.

Nazir onu da qeyd edib ki, Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər: “Həmin maddədə o da bildirilir ki, müəssisənin mülkiyyətçisi və işəgötürəni əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin etməlidirlər”.

Sonra gündəlikdə dayanan məsələlər ətrafında müzakirələr aparılıb. İlk növbədə Üçtərəfli Komissiyanın reqlamenti, emblemi, blankı və s. müzakirə olunub və yekdil səsvermə əsasında təsdiq edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanovun “İşsizlikdən sığorta haqqında” Qanun layihəsi, BƏT-in “Əmək sferasının gələcəyi” adlı təşəbbüsü barədə məruzələri ilə əlaqədar müzakirələr aparılıb. Nazirliyin əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmovun Nazirlər Kabinetinin “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısının və işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərar layihəsi barədə məruzəsi də dinlənilib. İclas iştirakçıları təqdim edilən məruzələrə münasibətlərini bildirib, yeni normativ-hüquqi aktların layihələri ilə bağlı rəy və təkliflərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti