...

Azərbaycanda keçirilən sorğunun nəticələri dinə münasibətin bütün parametrlərini əks etdirmir

Siyasət Materials 14 Fevral 2009 12:12 (UTC +04:00)
Azərbaycanda keçirilən sorğunun nəticələri dinə münasibətin bütün parametrlərini əks etdirmir

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir B.Həsənov, R.Hafizoğlu/ "Gallup" şirkətinin əhalinin dinə bağlılığını araşdırmaq məqsədilə keçirdiyi sorğu Azərbaycan xalqının dinə münasibətini bütünlükdə əks etdirmir.

Beynəlxalq Araşdırma Şirkəti "Gallup" ekspertlərinin keçirdiyi sorğuda Azərbaycanda "Din sizin gündəlik həyatınızın əhəmiyyətli bir hissədirmi" sualını cavablandıranların 21 faizi müsbət cavab verib. Ölkə bu göstərici üzrə Çexiya ilə birgə beşinci yeri tutub.

Dünyanın ən ateist ölkələri siyahısına 14 faiz ilə Estoniya rəhbərlik edib. Sonrakı yerləri İsveç (17 faiz), Danimarka (18 faiz), Norveç (20 faiz) tutub. Azərbaycan "Gallup"un siyahısında ilk onluğa düşən yeganə müsəlman ölkəsi olub.

"Söhbət dinin Azərbaycan cəmiyyətində praktiki cəhətdən həyata keçirilməsindən gedirsə, sorğunun nəticələri ilə razılaşmaq olar. Amma söhbət insanların inanclı olub-olmamasından gedirsə, nəticələrlə razılaşmaq mümkün deyil", - deyə DEVAMM-in (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) sədri İlqar İbrahimoğlu cümə günü Trend -a bildirib.

Azərbaycan prezidenti İlham Əliyev "İTAR-TASS"-a verdiyi müsahibəsində Azərbaycanın dünyəvi dövlət olduğunu çox dəyərləndirdiyini və ölkənin uğurunun məhz bununla bağlı olduğunu bildirib. Bununla bərabər ölkə başçısı İslam dininin Azərbaycan cəmiyyətində dərin kökləri olduğunu da vurğulayıb . "İslam - bizim şüurumuzun, tariximizin, ürəyimizin bir hissəsidir. Bu, bizim milli dəyərlərimizin, ənənələrimizin, ailə dəyərlərimizin təməlidir və biz ali dinimizə dərin hörmətlə yanaşırıq. Bununla yanaşı, Azərbaycanda mövcud olan digər dinlər də öz fəaliyyətlərini azad şəkildə həyata keçirir", - deyə prezident əlavə edib.

Əhalisinin təxminən 93%-i müsəlman olan Azərbaycanda dindarlıq tarixən güclü olsa da, 200 illik Rusiya işğalı dövründə, xüsusilə də, 70 illik ateist sovet rejimi dövründə dini məsələlərdə xalqa ciddi təzyiqlər göstərilmişdir. Xüsusilə 1920-1930-cu illərdə din alimlərinin ölümə məhkum edilməsi və sürgünə göndərilməsi dinin praktiki cəhətinin geniş kütlələr tərəfindən öyrənilməsini və nəsildən nəsilə ötürülməsini olduqca çətinləşdirmişdir. Sovet dövründən sonra Azərbaycanda dini praktiki cəhətdən yaşayanların sayı xeyli yüksəlsə də bu dinə meyl əsasən gənc nəsil arasında müşahidə olunur. Buna baxmayaraq, tez-tez keçirilən sorğularda xalqın böyük əksəriyyəti inanclı olduğunu və Allaha inandığını bildirir.

İslamşünas alim Aydın Əlizadə hesab edir ki, "Gallup" tərəfindən keçirilən sorğu Azərbaycan cəmiyyətindəki həqiqəti əks etdirmir. Aydın Əlizadənin fikrincə, sorğunun hansı regionda və hansı təbəqədən olan insanlar arasında keçirilməsi nəticələrə təsir edən əsas faktordur.

"Sorğu əgər dunyəvi insanlar arasında keçirilibsə əlbəttə ki, dindarlığın səviyyəsi aşağı göstəriləcək. Dindarlıq səviyyəsini doğru şəkildə müəyyənləşdirmək üçün sıravi xalqla sorğu keçirmək lazımdır", - deyə Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi Tədqiqatlar İnstitutunun din fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi Aydın Əlizadə cümə günü Trend - a bildirib.

Müstəqil ekspert, tanınmış şərqşünas alim Zərdüşt Əlizadə isə hesab edir ki, sorğunun nəticələri Azərbaycan cəmiyyətində dinin vəziyyəti ilə bağlı həqiqəti kifayət qədər əks etdirir. "Azərbaycan əhalisinin əksəriyyətinin başı maddi və sosial məsələlərə qarışıb, ona görə də, həyatın mənası haqqında, Allah haqqında, axirət həyatı haqqında düşünənlərin sayı elə 20%-dən yuxarı olmaz", - deyə Zərdüşt Əlizadə cümə günü Trend - a bildirib.

Ekspertin fikrincə, Azərbaycan cəmiyyətinin dinə bu cür münasibətini milli mentalitetlə izah etmək olar. O, bu mentalitetin müəyyən tarixi proseslər nəticəsində formalaşdığını bildirib.

"Azərbaycanın son 200 il Rusiya işğalı altında olması xalqın öz milli, dini dəyərlərindən uzaq düşməsinə səbəb olub", - Zərdüşt Əlizadə əlavə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Gündüz İsmayılovun sözlərinə görə, sorğunun nəticələri gözlənilməz deyil. "Sorğunun nəticələrini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı araşdırmalar da təsdiq edir", - deyə İsmayılov cümə günü Trend -a bildirib.

İsmayılovun fikrincə, 70 il ateist sovet dövlətinin tərkibində yaşayan Azərbaycan cəmiyyəti üçün bu cür dindarlıq göstəricisi normaldır. Bundan başqa İsmayılov hesab edir ki, Azərbaycan xalqı həmişə dünyəvi olması ilə digər müsəlman xalqlardan fərqlənib.

Hazırda Azərbaycanda 1750 məscid və böyük əksəriyyəti müsəlmanlara aid olan 533 dini icma fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti