"Mançester Yunayted"in məşhur hücumçusu "Bakcell"in dəvəti ilə Azərbaycana gəlir

Foto: "Mançester Yunayted"in məşhur hücumçusu "Bakcell"in dəvəti ilə Azərbaycana gəlir / Azərbaycan

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti böyük məmnuniyyətlə bildirir ki, "Mançester Yunayted" klubunun əfsanəvi hücumçusu Duayt York "Bakcell" və "Mançester Yunayted" arasındakı müqavilə çərçivəsində Bakıya səfər edəcək.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, "Mançester Yuneyted"in "təbəssümlü qatil"i klubun birdən-birə üç titul qazandığı unudulmaz mövsümün ən aparıcı oyunçularından biri idi. 1998-ci ilin sentyabr ayında Aston Villadan transfer olunan Trinidad və tobaqolu hücumçu 29 qol vuraraq bombardirlər siyahısında birinci pilləni tutdu, "Qırmızılar"a isə titullar qazanırdı. York və Endi Koulun meydanda bir-birini yaxşı başa düşməsi onları müasir futbolun tarixində ən təhlükəli tandemlərdən biri edirdi.

Ruud Van Nistelroyun komandaya gəlişindən sonra Yorkun rolu nisbətən azaldı, lakin o, "Arsenal"a 22 dəqiqə ərzində etdiyi "het-trik"dən sonra bütün "Yunayted"in azarkeşləri üçün canlı əfsanəyə çevrilib. Duayt "Old Trafford"u 2002-ci ildə tərk edib, lakin onun həmin stadiona opponent qismində qayıtması azarkeşlər tərəfindən daima isti qarşılanırdı.

Duayt Youk "Bakcell" şirkətinin xüsusi qonağı olaraq bir neçə tədbirdə iştirak edəcək. Bu tədbirlərin sırasında mayın 1-də Heydər Əliyevin 90 illik yubileyi münasibətilə AFFA tərəfindən təşkil olunacaq Azərbaycan və dünyanın veteran futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü və mayın 3-də "Bakcell" tərəfindən təşkil olunacaq xeyriyyə auksionunu xüsusi qeyd etmək lazımdır.

Xeyriyyə auksionunda yığılan pullar, ehtiyacı olan uşaqlara kömək məqsədilə UNICEF təşkilatına veriləcək.

"Bakcell" şirkəti "Mançester Yunayted"in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya partnyoru olaraq, 2.6 milyondan çox "Bakcell" müştərisi və xüsusilə də "Mançester Yunayted" azarkeşlərinə geniş çeşiddə xüsusi və eksklüziv kontenti təqdim edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az