...

Bahar Muradova: "Azərbaycanı istəməyənlərin istəkləri gözündə qalacaq"

Baku 2015 : EUROGAMES Materials 7 May 2015 15:19 (UTC +04:00)
Azərbaycanda Avropa Oyunlarını boykot etməyə çağıran insanlar var. Onlar cəmiyyət tərəfindən uzun illərdir boykot olunmuş insanlardır.
Bahar Muradova: "Azərbaycanı istəməyənlərin istəkləri gözündə qalacaq"

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlkin İzzət/

"Azərbaycanda Avropa Oyunlarını boykot etməyə çağıran insanlar var. Onlar cəmiyyət tərəfindən uzun illərdir boykot olunmuş insanlardır. Boykot olunmuşların boykotu heç bir nəticə verməyəcək. Azərbaycan bu tədbirləri yüksək səviyyədə təşkil edəcək və bizi istəməyənlərin istəkləri də gözündə qalacaq".

Trend xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.

Vitse-spiker qeyd edib ki, əslində I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması qeyri-adi hadisə deyil: "Azərbaycan inamla və həvəslə bu işlərin təşkilatçısı rolunda çıxış edir, özünün maddi, mənəvi, insan resurslarını cəlb edir, həmçinin insanları, xalqları və dövlətləri bir-birinə yaxınlaşdırmaq məqsədi daşıyan belə beynəlxalq layihələrə ev sahibliyi edir, onu yüksək səviyyədə təşkil edir, lakin bunun müqabilində Azərbaycana qarşı belə kampaniyalar narahatlıq doğurur. Son illər Azərbaycanın dünyada mövqeyi möhkəmlənir, getdikcə daha artıq nüfuz sahibi olur, müstəqil iradəsi ilə fərqlənir və heç bir kənar təsir və təzyiq onu tutduğu yoldan döndərmədiyi üçün tez-tez belə kampaniyaların obyektinə çevrilir. Artıq biz bu kampaniyaların arxasında kimlərin və hansı maraqların dayandığını yaxşı bilirik. Bu cür təsir və təzyiqlərlə bizi tutduğumuz yoldan döndərmək, müstəqil iradəmizi sındırmaq mümkün deyil. Azərbaycan öz fəaliyyəti, yürütdüyü siyasəti, qətiyyətli mövqeyi ilə bunu sübut edir".

B.Muradovanın sözlərinə görə, Azərbaycanın, Ermənistan istisna olmaqla, ikitərəfli əsasda heç bir problemi yoxdur, yalnız hansısa mövqelərin uyğunlaşdırılması lazım gələn məsələlər ola bilər: "Azərbaycana qarşı bu cür qaralama kampaniyası bir qayda olaraq beynəlxalq təşkilatlarda, ayrı-ayrı ölkələrdən maliyyəcə erməni mənbələrinə aid olan, mənəvi cəhətdən erməniçilik qarşısında öhdəlik götürən, Azərbaycanın uğurlarını gözü götürməyən, qısqanclıqla qarşılayan adamlar bir araya gələrək Azərbaycana qarşı belə kampaniyaların təşkilatçısı rolunda çıxış edirlər. Təəssüf ki, Azərbaycanın öz içində də onların bu hərəkətlərinə səs verənlər olur. Amma bunsuz da mümkün deyil. Azərbaycan demokratik cəmiyyət quruculuğunda olan ölkədir. İstənilən obyektiv tənqidi qəbul edir, amma qərəzli qaralama kampaniyalarını qətiyyətlə rədd edir. Azərbaycan öz vəzifəsini ləyaqətlə yerinə yetirir. Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir. İnfrastruktur, təşkilatçılıq və təhlükəsizlik məsələləri yüksək səviyyədə həll olunur. Ən əsası odur ki, bu qaralama kampaniyasının arxasında dayananların beynəlxalq idman strukturlarına müraciətlərinin cavabında həmin qurumların rəhbərləri lazımi cavabı veriblər. Hesab edirəm ki, bu cavab onları vadar etməli idi ki, öz mövqelərinə yenidən baxsınlar".

Parlament sədrinin müavini bildirib ki, Avropa Oyunlarının bir idman yarışı olmasına baxmayaraq, onun Azərbaycanda keçirilməsinin özü artıq Azərbaycanın qalib olması deməkdir: "Bu, Azərbaycanın qalibiyyətidir ki, bizə çox ciddi və vacib məsələ etibar edilib. Biz bu etimadı layiqincə doğrulduruq. Bütün dünya ölkələrinə, xalqlarına, idman təşkilatlarına gələcəkdə təşkil olunacaq yarışların standartını müəyyənləşdiririk. Həm təşkilatçılıq məsələləri, həm də nəticələri, miqyası baxımından ilk Avropa Oyunlarının Bakıda keçirilməsi tarixə düşəcək. Bu, həm də Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıdacaq. İdman və mədəniyyət isə xalqları bir-birinə yaxınlaşdıran ən yaxşı vasitədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti